Bakı metrosunda daha iki yeni qatar xəttə buraxıldı - FOTO

11:45 22-08-2019 731

Bakı Metropoliteni üçün Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş” ASC-nin istehsalı olan 10 vaqondan ibarət növbəti iki qatar xəttə buraxılıb.

"Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, iyul ayında Bakıya gətirilmiş vaqonlarda ötən müddət ərzində istehsalçı müəssisənin mütəxəssisləri tərəfindən sazlama, tənzimləmə və texniki təlimat tələblərində göstərilən sınaq işləri aparılıb.

"81-765.Б/766.Б" modelli vaqonlar müasir dövrün tələblərinə uyğun olaraq texnoloji innovasiyalar baxımından 4-cü nəslə aiddir. Sərnişin təhlükəsizliyi və rahatlığına görə dövrün ən son yenilikləri, habelə "Bakı Metropoliteni" QSC-nin bütün texniki tələbləri nəzərə alınmaqla istehsal edilmiş vaqonların istismar müddəti 30 ildir.

2019-cu il yanvarın 31-də "Transmaşholdinq" şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq, cari il ərzində Bakı Metropoliteni üçün 30 yeni tipli vaqon istehsal olunmalı idi. Onlardan ümumilikdə 10 vaqondan ibarət iki qatar tərkibi iyunun 4-də Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun və "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun iştirakı ilə Bakıya yola salınaraq, iyulun 2-də sazlama və sınaq işlərindən sonra xəttə buraxılmışdı.

Cari il üçün nəzərdə tutulmuş 10 vaqondan ibarət son iki qatar isə avqustun sonuna kimi Bakıya gətiriləcək. Sentyabrda həmin qatar tərkibləri də müvafiq sazlama, tənzimləmə və sınaq işlərindən sonra xəttə buraxılacaq. Bununla Bakı Metropoliteninin xətlərində innovasiyalar baxımından 4-cü nəslə mənsub vaqonların sayı 55-ə çatdırılacaq.