Kiyevdə Ukrayna və Azərbaycan media qurumlarının əməkdaşlığı müzakirə olunub - FOTO

21:00 24-11-2021 27

Kiyevdə “Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın inkişafında medianın rolu” adlı beynəlxalq dəyirmi masa baş tutub.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, dəyirmi masa Azərbaycanın “Report” İnformasiya Agentliyi və Ukraynanın UNİAN informasiya agentliyi tərəfindən birgə təşkil olunub.

Dəyirmi masanın moderatoru, tanınmış ekspert bildirib ki, iki ölkə arasında medianın sıx əlaqələr qurmasına tələbat gündən-günə artır. O, bu gün “Report” və UNİAN agentlikləri arasında imzalanan memorandumu nümunə gətirərək bildirib ki, bu, qeyd olunan istiqamətdə atılmış ilk əməli addımdır.

UNİAN-nın şef redaktoru Mixail Qannitskiy isə bildirib ki, bir çox hallarda Ukrayna ictimaiyyəti Azərbaycanla bağlı informasiyanı 3-cü ölkənin mətbuatı vasitəsilə əldə edir: “Eyni fikri Azərbaycan ictimaiyyəti üçün Ukrayna ilə bağlı da demək olar. Bu səbəbdən iki ölkənin media orqanları arasında əməkdaşlıq birgə səylərin koordinasiya olunması, bizim ölkələrdə baş verən hadisələr barədə daha dolğun məlumatların oxuculara çatdırılmasını təmin edəcək”.

“Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev bildirib ki, Azərbaycanın ötən il baş vermiş 44 günlük Vətən müharibəsi ərəfəsində və ondan sonrakı dövrdə Ukrayna ekspertləri və deputatları hadisələri fəal şəkildə hər iki ölkənin ictimaiyyəti üçün açıqlayırdılar: “Eyni zamanda Azərbaycanda da bir sıra ekspert və deputatlar Ukrayna ilə bağlı məqamları ölkə ictimaiyyətinə şərh edirlər. “Report” və UNİAN arasında imzalanmış memorandum da gələcəkdə informasiya mübadiləsini daha da intensivləşdirəcək. Bu, həm mətn, həm də foto kontinentdə şamil olunur”.

Ukrayna Ali Radasının Azərbaycan Milli Məclisi ilə Parlamentlərarası işçi qrupunun üzvü, deputat Lyudmila Marçenko isə qeyd edib ki, media insanların ideyalarını, fikirlərini formalaşdırır, yeni nəsli informasiyalar ilə təmin edir: "Xəbərlərin düzgün monitorinqinin aparılmadığı təqdirdə kiberbulinq kimi mənfi meyllər baş qaldırır, gənclər düzgün seçim edə bilmirlər. Bu səbəbdən doğru informasiyaların yayılmasına təlabat artır”.

Ukrayna Ali Radasının Söz azadlığı komitəsinin sədr müavini, deputat Evgeniy Braqar öz növbəsində deyib ki, Azərbaycanla ölkəsi arasında bəzi hallarda informasiya vakuumu müşahidə olunur: "Rusiya təbliğat maşını bundan istifadə edir. İki ölkə mediası arasında sıx əməkdaşlıq səsimizi bir-birimizə çatdırmağa daha çox şərait yaradacaq”.

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanının müşaviri Lyüdmila Dolqonovska çıxışında xatırladıb ki, ölkəsinin yeni qəbul olunmuş milli təhlükəsizlik strategiyasında Azərbaycan mühüm tərəfdaş kimi qəbul olunub və bu da bütün sahələrdə sıx əməkdaşlığı şərtləndirir: “Azərbaycanın Qarabağdakı qələbəsinin təcrübəsini Ukrayna böyük maraqla araşdırır, həmçinin strateji kommunikasiyaların necə işlədiyini öyrənir”. Müşavir Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, general-leytenant Valeriy Zalujnıyın xarici mediada ilk dəfə “Report” İnformasiya Agentliyinə müsahibə verməsini də xatırladıb.

“Report” İnformasiya Agentliyinin Baş redaktoru Murad Əliyev vurğulayıb ki, hazırda Qarabağda genişmiqyaslı yenidənqurma işləri həyata keçirilir: “Buraya dost ölkələrin şirkətləri cəlb olunur ki, bunlardan biri də Ukraynadır. Sərmayə mühiti üçün də dolğun informasiyanın əldə edilməsi olduqca vacibdir, hər iki ölkənin mediası sıx əməkdaşlıq şəraitində bunu təmin etməlidir”.

Ukraynanın tanınmış jurnalisti və rejissoru, müharibə veteranı Miroslav Qay deyib ki, bu günlərdə repressiyadan bəhs edən sənədli film hazırlanıb və bu film 7 dildə tərcümə olunaraq Ukrayna haqqında həqiqətlərin yayılmasına hesablanıb: “Media qurumları arasında sıx əməkdaşlıq belə layihələrin daha geniş auditoriyaya çatdırılmasına kömək göstərəcək”.
Kommunikasiya üzrə ekspert, “Novikova” Agentliyinin rəhbəri Aleksandra Novikova isə bildirib ki, iki ölkənin jurnalistləri, kommunikasiya menecerləri və dövlət strukturları arasında əlaqənin qurulması mütərəqqi ideyaların yayılmasına təkan verir. O, belə tədbirlərin keçirilməsinin məlumat mübadiləsinin intensivləşdirilməsində mühüm rol oynadığını vurğulayıb.

Tədbirdə iştirakçılar digər təklif və fikirlərini də səsləndiriblər.

Qeyd edək ki, tədbir ərəfəsində “Report” İnformasiya Agentliyinin rəhbərliyi UNİAN-ın iş rejimi ilə də tanış olub.