İlham Əliyev Türkmənistana səfəri çərçivəsində Qurbanqulu Berdiməhəmmədovla görüşüb - YENİLƏNİB + FOTO/VİDEO

16:00 28-11-2021 439

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı Aşqabad Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdu Toyliyev qarşıladı.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.

Azərbaycan Prezidentini salamlayan Prezident Qurbanqulu Berdiməhəmmədov dedi:

-Hörmətli İlham Heydər oğlu, qardaş Türkmənistanda Sizi salamlamağa və təşəkkürümüzü bildirməyə şadıq ki, bizə hörmət edib dəvətimizi qəbul etmisiniz. İqtisadi Əməkdaşlıq Təşkilatının XV Sammitində birgə iştirak edəcəyik. Bəri başdan əlamətdar, yaxşı tarixləri qeyd etmək istəyirəm. Əvvələn, noyabrın 28-si bizim Təşkilatın günüdür. İkincisi, demək istərdim ki, bizim sədrliyimiz dövründə bu Təşkilatın nüfuzunu artıran Qətnamə qəbul edilib. Buna görə düşünürəm ki, xüsusən pandemiya dövründə əsasən iqtisadi məsələlərimizi bir daha müzakirə etmək üçün yaxşı imkanımız olacaq. Mən kooperasiya, inteqrasiya məsələlərini nəzərdə tuturam.

Sonra, səmimi desəm, bu gün mənim üçün çox heyrətləndirici bir xəbər aldım. Adətən biz nadir hallarda heyrətlənirik, lakin bu xəbər təəccüblü oldu. Bu gün mənə Xarici İşlər Nazirləri Şurasının qətnamə təqdim etdilər. Bu sənəd Aşqabadda konsensus yolu ilə qəbul edilib. Bilirsinizmi, orada yaxşı bəndlər, cümlələr var ki, Azərbaycan həqiqətən inandırıcı qələbə qazanıb. Ola bilsin, mən bir qədər qeyri-dəqiq şəkildə təkrar edirəm və ya fikrimi düzgün ifadə etmirəm, lakin məna budur ki, Azərbaycan ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpasında həqiqətən müzəffər olub. Mən sadəcə demək istəyirəm ki, bu qətnamənin konsensus yolu ilə qəbul edilməsi bizim münasibətlərimizdə parlaq səhifədir. Bu münasibətlə Sizi ürəkdən təbrik edirəm.

Bizim gündəlikdə bir neçə məsələ var. Birinci – növbəti sammitin gündəliyinin təsdiq edilməsi, ikincisi - baş katibin seçilməsi, üçüncüsü – növbəti sammiti kim keçirəcək və Aşqabad sammitinin yekun kommunikesinin qəbul edilməsi. Mən Sizi Qələbə münasibətilə, bu tarixi hadisə münasibətilə əvvəlcədən təbrik edirəm. Həmişəki kimi, Aşqabada xoş gəlmisiniz.

Prezident İlham Əliyev dedi:

-Sağ olun, hörmətli Qurbanqulu Məlikquluyeviç. İlk növbədə, bir daha qardaş Türkmənistana səfərə dəvətə görə təşəkkürümü bildirmək istəyirəm. Bu sammitdə bizim iştirak etməyimiz təşkilatımızın prinsiplərinə sadiq olduğumuzu təsdiq edir.

Bakıdan buraya uçanda gözəl panoram, əkilmiş tarlalar, abad məhəllələr, qəsəbələr gördüm. Əlbəttə, Aşqabad burada olanları ilk dəqiqələrdən öz gözəlliyi və möhtəşəmliyi ilə heyran edir. Bildiyiniz kimi, mən dəfələrlə Sizin ölkənizdə olmuşam və Sizin rəhbərliyinizlə həm ölkənizin sosial-iqtisadi inkişafı, həm də abadlıq, şəhər infrastrukturunun yaradılması işində qazanılmış nailiyyətlərə heyran olduğumu həmişə bildirmişəm. Yadımdadır, ötən görüşümüzdə Sizin idman şəhərciyinizlə, bəlkə də idman şəhəri ilə tanış oldum. O vaxt Siz Asiadanı uğurla keçirdiniz. Bu, onu göstərir ki, dövlət öz gücünə, ənənələrinə, türkmən xalqının istedadına əsaslanaraq inamla irəliləyir. Bu, bizi ürəkdən sevindirir.

Əlbəttə, Sizə, İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik edən ölkə kimi bu qətnamənin qəbul edilməsində fəal rol oynadığınıza görə təşəkkürümü bildirmək istərdim. Biz bunu çox yüksək qiymətləndiririk. Həmin qətnamədə qeyd edilib ki, üzv ölkələr Azərbaycanı ərazi bütövlüyünün bərpa edilməsi münasibətilə təbrik edirlər. Bilirsiniz, bu, Azərbaycan xalqı üçün tarixi hadisədir və əlbəttə, bütün Azərbaycan xalqı bu qətnamədə sədr ölkənin və bütün digər üzvlərin qardaşcasına münasibətini görəcək. Ona görə də bu, həqiqətən çox mühüm hadisədir. Çox sevindirici haldır ki, bu tədbir azərbaycanlılar üçün qardaş Türkmənistan torpağında keçirilir. Əlbəttə, bu gün biz ikitərəfli gündəlik barədə də söhbət edəcəyik, burada da yaxşı nəticələrimiz var və bundan sonra da qardaşlar kimi çiyin-çiyinə irəliləyəcəyik. Bir daha sağ olun.

Prezidenti Qurbanqulu Berdiməhəmmədov: Bilirsiniz, mən bir məqamı da vurğulamaq istəyirəm. Hər halda Aşqabadda bu qətnamənin qəbul edilməsi parlaq tarixi hadisədir. Hər halda biz yeganə neytral ölkəyik, qətnamə neytral ölkədə qəbul edilib. Biz qardaş ölkələrik, qonşularıq, lakin daha vacibi odur ki, qətnamə beynəlxalq səviyyədə qəbul edilib. Bu siyasi hadisəni inkişaf etdirmək lazımdır. Necə deyərlər, dəmiri isti-isti döyərlər. Sağ olun.

                                                    X  X  X

Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib.

Azərbaycanın və Türkmənistanın dövlət himnləri səsləndirildi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

 

11:04

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı Aşqabad Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdu Toyliyev qarşıladı.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.

                                                       X X X

Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib.

Azərbaycanın və Türkmənistanın dövlət himnləri səsləndirildi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.