Bu il “Azərenerji” neçə enerji obyektini istismara verib? - FOTO/VİDEO

13:00 30-12-2021 789

Yola salmaqda olduğumuz 2021-ci ildə “Azərenerji”nin 23 elektrik stansiya və yarımstansiyası tikilib və ya yenidən qurularaq istismara verilib.

Bu barədə HerGun.Az-a “Azərenerji” ASC-dən məlumat verilib.

Bildirilib ki, ölkənin ən böyük yarımstansiyası olan 500 kilovoltluq “Abşeron” yarımstansiyası, həmçinin strateji əhəmiyyətli 220 kilovoltluq “Xırdalan” və “Hövsan”, o cümlədən sistem əhəmiyyətli 110 kilovoltluq “Binəqədi”, “Xırdalan-2”, “Maştağa”, “Suraxanı” yarımstansiyaları yenidənqurmadan sonra prezidentin iştirakı ilə istismara verilib. 

3 sentyabr tarixində prezidentin iştirakı ilə “Sumqayıt” Elektrik Stansiyasının əsaslı təmiri, yeni estakada nasos stansiyasının istismara verilməsi ilə 2018-2021-ci illəri əhatə edən Enerjisistemin Reabilitasiya Proqramı başa çatıb. 2021-ci ildə Enerjisistemin Yeni SCADA proqramı istifadəyə verilib, tikilməkdə olan 330 kilovoltluq yarımstansiya, 385 meqavatlıq elektrik stansiyasından ibarət “Qobu” Enerji Qovşağında işlər yekunlaşıb.

Nəhayət, 2021-ci ildə işğaldan azad olunmuş ərazilərdə 13 enerji obyekti tikilib və yenidən qurulub. Prezidentin iştirakı ilə Laçındakı “Güləbird” SES, “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub, “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında işlər tamamlanıb. Azad olunmuş ərazilərdə 110/35/10 kV-luq doqquz rəqəmsal yarımstansiya tikilib. Mayın 12-də “Şuşa”, iyunun 14-də “Füzuli” və “Şükürbəyli”, avqustun 16-da “Kəlbəcər”, oktyabrın 4-də “Cəbrayıl”, oktyabrın 20-də “Zəngilan”, oktyabrın 25-də isə “Qubadlı” yarımstansiyalarının prezidentin iştirakı ilə açılışı olub. Ağdam rayonunda iki yerdə inşa edilən 110/35/10 kV-luq “Ağdam-1”, “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ” Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi yekunlaşıb.

“Azərenerji”nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin sözlərinə görə Qarabağ və Şərqi Zəngəzurda tikilən doqquz yarımstansiyanın hamısı Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı, tam rəqəmsallaşdırılıb:

“Belə ki, dördüncü sənaye inqilabına uyğun olaraq intellektual enerjisistem konsepsiyası həyata keçirilib və müasir, dayanıqlı, rəqəmsallaşdırılmış yarımstansiyalar modeli formalaşdırılıb. İstismara verilən yarımstansiyalarda aktivlərin, proseslərin, resursların idarə edilməsi, açılıb qoşulma əməliyyatları, tədarük və paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırılması proqram təminatı vasitəsi ilə avtomatik həyata keçirilir”.

Azad olunmuş ərazilərdə ümumi uzunluğu 365 km məsafədə iki dövrəli olmaqla 10 istiqamətdə yüksək gərginlikli 110 kilovoltluq elektrik verilişi xətti çəkilib.