Şamaxı Rəsədxanası: ulduzların rəqsi, Süd Yoluna baxış - FOTOREPORTAJ

13:27 23-08-2019 817

1959-cu ildə tikilib istifadəyə verilən sirli və möcüzəvi məkan. Bu məkan Pirqulu qəsəbəsinin yaxınlığında, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşir.

Keçmiş SSRİ-də ən böyük teleskoplardan biri də məhz burada quraşdırılıb. Söhbətin Şamaxı Astrofizika Rəsədxanasından getdiyini artıq başa düşdünüz.

HerGun.Az qalaktikanın, planetar dumanlıqların, ulduzların, planetlərin və onların peyklərinin sistematik müşahidələrinin aparıldığı Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından fotoreportajı təqdim edir:

Turistlərin heyran olduğu rəsədxanada 6 müxtəlif funksiyaya malik teleskop var. Rəsədxana tərəfindən 1000-ə yaxın ulduzun spektral xüsusiyyətləri öyrənilib, Günəş sisteminin kiçik cisimlərinin mənbəyi barədə yeni nəzəriyyələr işlənib. Bu gecə isə mütəxəssislər Yupiteri müşahidə edirdilər.

Rəsədxananın sahəsi kifayət qədər genişdir. Teleskoplar isə bir-birindən aralı məsafədə yerləşdirilib ki, müşahidə prosesi zamanı heç bir maneə yaranmasın. Rəsədxanada gecə ulduzların rəqsini izləmək üçün saat 12-dən sonranı gözləməlisiz. 

Xüsusilə də Böyük Süd Yolu. Yüzillər boyu astronomlar bu kosmik işığın düzlüyünün səbəbini araşdırmağa çalışıblar. Bu, təkcə öz ölçülərinə görə (onun diametri 120 min işıq ilinə bərabərdir) maraqlı yer deyil, planetimizin də daxil olduğu qalaktikadır.


Alimlərin hesablamalarına görə, Süd Yolu adlı qalaktikaya 400 milyard ulduz, 100 milyarddan çox planet daxildir.

Rəsədxanada bir çox istiqamətlərdə aparılan araşdırmalar zamanı Rusiya, Gürcüstan, Ukrayna, Almaniya və başqa ölkələrin elmi işçiləri ilə əlaqələr qurulur, əcnəbi alimlərlə birgə müşahidələr aparılır.

FOTO: Ramil Zeynalov