Tağıyevin milyonlar qazandığı balıq kombinatı qəzalı vəziyyətdədir - FOTO

17:45 23-08-2019 1386

Neftçalada tarixi abidə statusu alan Bankə balıq kombinatı qəzalı vəziyyətdədir.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, 178 yaşlı balıq kombinatı məhv olmaq təhlükəsi qarşısında qalıb.

1841-ci ildən fəaliyyət göstərən Bankə balıq kombinatını vaxtilə Mailov qardaşları, sonra Hacı Zeynalabdin Tağıyev icarəyə götürüb. O dönəmdə balıq tutmaq üçün kombinatın "Xaldan", "Türkan", "Xudat" kimi 10-a yaxın taxtadan balıqovlama gəmisi olub. Sonradan bunlar polad gövdəli gəmilərlə əvəzlənib.

Kombinatda SSRİ dövründə müxtəlif çeşiddə balıq və balıq məhsulları istehsal olunub. Burada istehsal olunan məhsullar dünyanın bir sıra ölkələrinə ixrac edilib.

30 il kombinatda işləyən Sumayə Əsədullayeva deyir ki, vaxtilə burada iki min nəfərə yaxın işçi çalışıb. Lakin ötən əsrin 90-cı illərinin əvvəllərində balıq kombinatı öz fəaliyyətini dayandırıb.

Həmin illərdə Bankə balıq kombinatının inzibati binasına tarixi abidə statusu verilib. O vaxtdan baxımsız qalan kombinatın binası yararsız vəziyyətə düşüb. Döşəmələr çürüyüb, qapı-pəncərələr sınıb, dam örtüyü sıradan çıxdığından içəri dolan yağış-qar suları otaqları yararsız hala salıb.

Tarixi binanın bərpasına ehtiyac var.