Müstəqilliyin gücləndirilməsi dövlət siyasətinin ideoloji təməlidir

19:13 05-05-2022 714

Yaşadığımız yaxın tarixi keçmişdə, 20-ci əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yenicə müstəqilliyə qədəm qoymuş dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi, çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”. Belə fenomenal Liderlər xalqın əsrlər boyu formalaşmış və ümumbəşəri dəyərlərlə söykənən siyasi dünyagörüşü əsasında özlərinin mükəmməl dövlətçilik konsepsiyasını ortaya qoyur. Uca Allah belə şəxsiyyətlərə, həm də, xilaskarlıq missiyası verir. Onlar zamanın ən sərt sınaqlarından fədakarlıqla çıxmış bu insanlar əsrlər boyu xalqlarının dövlətçilik idealını gerçəkləşdirməyə, müstəqillik və azadlıq ideyalarını reallaşdırmağa nail olurlar. Liderlik lazımi anda cəsarət nümayiş etdirmək bacarığıdır. Ulu Öndər Heydər Əliyevin də şəxsiyyət kimi böyüklüyünü təcəssüm etdirən ən başlıca xüsusiyyətlərdən biri də ümumxalq mənafeyi ilə bağlı məsələlərdə onun heç bir təhlükədən çəkinməməsi, cəsarət və qətiyyət göstərməsi, ədalət meyarına sadiqliyidir. O, 20-ci əsrin ən görkəmli Liderlərindən biri kimi etimad göstərildiyi bütün vəzifələrdə özünü beynəlxalq miqyaslı siyasətçi, dərin zəkalı rəhbər kimi tanıtmışdır.

İndiki tarixi mərhələdə isə, hər bir siyasi liderin fəaliyyətini bütün dünya izləyə bilir. İnformasiya kommunikasiya vasitələri elə inkişaf edib ki, dövlətə başçılıq edən şəxsin gördüyü işlər sürətlə hər yerə yayılır. Bu, bir tərəfdən, liderlərin göz önündə olmasını təmin edir. Digər tərəfdən, hər bir siyasətçinin fəaliyyətinə dünya miqyasında qiymət vermək işini asanlaşdırır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti haqqında dünyanın aparıcı dövlətlərinin rəhbərləri dəfələrlə fikir bildiriblər. Onların hamısı Azərbaycan Respublikasının Prezidentindən müdrik, uzaqgörən, əməkdaşlığa açıq və etibarlı, dövlət işlərini dərindən bilən və yüksək diplomatik bacarığa sahib lider kimi bəhs ediblər. Əlbəttə, hər bir azərbaycanlı üçün ölkənin başçısına digər ölkələrin rəhbərlərinin yüksək qiymət verməsi qürur mənbəyidir. Həm də bu hörmətin arxasında İlham Əliyevin gərgin zəhmətinin, yüksək ailə, siyasətçi tərbiyəsinin, Vətənə böyük sevgisinin dayandığını anlamaq gərəkdir. Belə qiymətlər heç zaman asan verilmir, onu qazanmaq, konkret əməldə layiq olduğunu göstərmək lazımdır. Müqayisə üçün deyək ki, Cənubi Qafqazda digər heç bir siyasi lider barəsində bu cür fikirləri bildirmirlər. Bunlar Prezident, cənab İlham Əliyevin siyasətçi, lider və şəxsiyyət kimi dərindən öyrənilməsi ehtiyacının yüksək olduğunu göstərir. Burada bir vacib məqamı vurğulamaq gərəkdir. Ulu Öndər Heydər Əliyevin İlham Əliyev kimi Liderin yetişməsində zəhməti və xidməti olduqca böyükdür. Ümummilli Liderin fəaliyyətinə yaxından bələd olması ilə bərabər, onun təcrübəsini də tam əxz edib, praktiki fəaliyyətdə tətbiq etmək, əlbəttə, insanın özündən yüksək bacarıq tələb edir. Bununla yanaşı, Heydər Əliyevin yeni siyasi lider yetişdirmək qabiliyyətinin çox yüksək səviyyədə olduğunu qəbul etmək gərəkdir. Bütün bunlara görədir ki, Heydər Əliyev məktəbini keçmiş bir Prezidentin, siyasi Liderin və şəxsiyyətin müstəqil dövlət quruculuğunda əldə etdiyi nailiyyətlər təsadüf sayıla bilməz. Məhz, Prezident, cənab İlham Əliyev uğurlu siyasi varisliyin ən gözəl nümunəsidir!. Prezident, cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi bu illər müstəqillik dövrünün yarıdan çoxunu təşkil edir. Bu müddət ərzində Azərbaycan müstəqillik və suverenlik yolunda çox böyük məsafə qət edib. Konkret deyilsə, bu illər mürəkkəb bir geosiyasi məkanda yerləşən dövlət üçün daim uğurlar illəri olub. Buna nail olmağın nə qədər çətin olduğunu sübut etməyə ehtiyac yoxdur. Adi müqayisələrdə həmin reallığı açıqca görmək mümkündür. Burada başqa bir məqam önəm kəsb edir. Hazırkı tarixi şəraitdə davamlı uğur qazanmağa imkan verən liderlik hansı keyfiyyətlərə malik olmalıdır? Yəni, İlham Əliyevi lider-şəxsiyyət kimi necə xarakterizə etmək olar? Bu suala indi filosoflar, tarixçilər, sosioloqlar, siyasətşünaslar və başqa humanitar ixtisas sahibləri cavab axtarırlar. Əlbəttə, bu istiqamətdə araşdırmaları davam etmək zəruridir. Son illər dövlət quruculuğu prosesi kontekstində üç aspektdə əhəmiyyətli hesab etmək olar. Birincisi, bu illər keçid proseslərinin yekunu baxımından əhəmiyyət daşıyır. İkincisi, keyfiyyətcə yeni inkişaf mərhələsinə start verilib. Üçüncüsü, cəmiyyətin bütün sferaları bir-biri ilə həmahəng şəkildə hərəkətə gətirilib və sürətli, davamlı inkişaf xətti müəyyənləşdirilib. Vurğulanan faktorların hər birinin dövlət quruculuğunda konkret yeri və rolu vardır. Onlar bir-birini mərhələ kimi ideal şəkildə tamamlayır. Bu şərt bütövlükdə dövlət quruculuğunu sistemli və müntəzəm olaraq həyata keçirməyə imkanlar yaradır. Onun müəllifi isə, təbii ki, Prezident İlham Əliyevdir.

Güclü ictimai-siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səylərini bu gün Prezident, cənab İlham Əliyev yüksək səviyyədə davam etdirir. Ötən müddət ərzində dövlət başçısının rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi əldə etmişdir. Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkədir. Dövlət neft strategiyasının uğurla həyata keçirilməsi, ümumilikdə, iqtisadi-sosial sahələrdə aparılan köklü islahatlar Azərbaycanı gücləndirir, hər bir vətəndaşın sosial həyatına müsbət təsir göstərir. Hazırda Azərbaycanda güclü infrastruktur yaradılmış və ölkəmiz xarici investisiyaların cəlbedici məkanına çevrilmişdir. Ötən bu illər ərzində böyük inkişaf yolu keçməklə beynəlxalq arenada da mövqelərini gücləndirməyə nail olmuşdur. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin başladığı və Prezident, cənab İlham Əliyevin məqsədyönlü, düşünülmüş siyasəti nəticəsində müstəqil Azərbaycan son illər ərzində kifayət qədər böyük uğurlar qazanmışdır. Güclü siyasi iradəyə, böyük maliyyə resurslarına malik olan Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir. Sivilizasiyalararası dialoqun, multikulturalizmin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu mərkəzə çevrilmiş Azərbaycan bəşəriyyətin cavab axtardığı bir sıra vacib məsələlərin müzakirəsinin qlobal səviyyəyə yüksəlməsində müstəsna rol oynayır və bu strateji kurs artıq dönməz xarakter almışdır.

Biz bir xalq, millət olaraq azadlığımız, müstəqilliyimiz uğrunda illərlə mübarizə aparmış, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək, qurmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər məsuliyyətlidir, ağırdır. Müstəqil dövləti olmaq, müstəqil dövlətdə yaşamaq səadətdir. Qüdrətli və möhkəm dövlət olmadan müstəqilliyi də əldə saxlamaq mümkünsüzdür. Beş min illik dövlətçilik tarixinə malik olan Azərbaycan daim torpağına göz dikən, azadlığını təhdid edən, ona düşmən kəsilən yadellilərə qarşı mübarizə aparıb, çünki bir millətin qazana biləcəyi nailiyyətlər yalnız müstəqil dövlətə malik olduqda mümkündür.

Tariximiz azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə zəngindir. Ötən əsrdə iki dəfə dövlət müstəqilliyini elan edən ölkəmiz bu yolda minlərlə şəhid verib. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək tam dövlət hakimiyyətinə malik Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını bəyan edib. Müsəlman Şərqinin və Türk dünyasının ilk cümhuriyyəti bir çox xarici dövlətlər tərəfindən tanınıb, müstəqil dövlətin təsisatları yaradılıb. Mövcud olduğu müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti bütün vətəndaşlarını konstitusion hüquqlarla təmin edib. Daxili quruluşundan asılı olmayaraq, bütün ölkələrlə münasibətləri faydalılıq əsasında yaratmağa çalışıb.

Çox böyük qürur hissi ilə qeyd etməliyik ki, Prezidenti, cənab İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində 2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazanaraq xalqımızın 30 illik həsrətinə son qoydu. Ali Baş Komandanımızın düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində ordu ilə xalqın sarsılmaz birliyi təmin olunaraq qazanılan tarixi Zəfərdən qərinələr keçəcək, illər ötəcək, amma tarix bu şanlı Qələbəni xalqımızın taleyinin ən parlaq səhifəsi kimi heç vaxt unutmayacaq.

Bütün bu faktorlar Azərbaycanın güclü dövlət olduğunu bir daha nümayiş etdirməklə yanaşı, ölkəmizin beynəlxalq arenada nüfuzunun güclənməsinə öz töhfəsini verir. Ən əsası, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və humanitar-mədəniyyət həyatında cərəyan edən güclü inkişaf dinamikası hər bir azərbaycanlının Azərbaycanın dövlət müstəqiliyinin daha da güclənəcəyinə və üçrəngli bayrağımızın əbədi dalğalanacağına olan inamını artırır.                                                                                                                                                                                                 Sabit Vaqif oğlu Mehdiyev,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.