Dağlıq Qarabağ mövcud deyil

14:51 22-06-2022 241

    Artıq hamımızın bildiyi kimi, “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi və onun statusu anlayışı yoxdur.Çoxmillətli və multikultural ölkəmizdə yaşayan bütün milli azlıqlar kimi ermənilər də Azərbaycanda fərdi vətəndaşlar olaraq sərbəst şəkildə yaşayacaqlar. Vətən müharibəsindən sonra yaranmış yeni reallığa baxdıqda aydın görünür ki, “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” və “Dağlıq Qarabağ bölgəsinin erməni icması” anlayışları öz aktuallığını və ictimai əhəmiyyətlərini itirib. Bu bir faktdır ki, 44 günlük İkinci Qarabağ müharibəsi yeni reallıqlar yaradıb və hər kəs bu reallığı qəbul etməlidir.

   Artıq Qarabağ münaqişəsi arxada qalıb, Dağlıq Qarabağın statusu məsələsi də müzakirə mövzusu ola bilməz. Odur ki, bölgədə yeni siyasi konfiqurasiyalar qurulur. Erməni separatçılarının uzun illərdir qələmə verdiyi qondarma “Qarabağ xalqı” anlayışını da 44 günlük Vətən savaşı yaddaşlardan tamamilə sildi. Artıq belə bir anlayış mövcud deyil, odur ki, Dağlıq Qarabağda yaşayan və yaşayacaq Azərbaycan vətəndaşlarından söhbət gedə bilər, artıq icmalararası müzakirələrin heç bir önəmi qalmayıb. Ona görə, icmalararası dialoqa da ehtiyac yoxdur. Qarabağda yaşayacaq hər bir vətəndaş Azərbaycan qanunlarına tabe olmalı və konstitusiyadan irəli gələn hər bir maddəyə hörmətlə yanaşmalıdır. Azərbaycan qanunları hər kəsə şamil olunduğundan və ərazinin statusu məsələsi müzakirə predmeti olmadığından icmanın saxlanılması heç də düzgün deyildi.

   Cənab Prezident keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağın statusu məsələsinə aydınlıq gətirərək açıq şəkildə bir daha söylədi ki, Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil, onları bu günə salan səbəblərdən biri də məhz əsassız istəkləridir. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar. Ona görə status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır. Statusla bağlı hesab edirəm ki, əgər kimsə bu gün bu məsələni qaldırırsa, sülhə yox, qarşıdurmaya daha çox xidmət göstərir.

   Ermənistan bu reallıqla barışaraq qəbul etməlidir ki, üçtərəfli bəyanatları tam yerinə yetirməlidir. Əks təqdirdə Ermənistanın sabitlik və inkişaf məkanına çevrilməsi sual altında olacaqdır.

   Hər zaman çıxışlarında, Dağlıq Qarabağın Azərbaycanın əzəli və əbədi torpağı olduğunu dəfələrlə diqqətə çatdıran dövlət başçısı Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir deyir. Bu həqiqətən də belədir. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı, bu aktual məsələ Ali Baş Komandanın uzaqgörən siyasəti nəticəsində həll edildi.

   Biz bundan sonar irəliyə baxmalıyıq və dövlətimizin gələcəyi üçün mühüm addımlar atmalıyıq.

 Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri