Müstəqil bir ölkə kimi xarici amillərdən müdafiə olunmaq əsas məsələlərdəndir

14:32 09-09-2022 705

       Bildiyimiz kimi, Azərbaycanın xarici siyasəti uğurla daxili siyasətinin davamıdır. Bu fikir ətrafında düşünərkən əvvəlcə daxili siyasətin əsas hədəflərini müəyyən etmək lazımdır. Əlbəttə, daxili amillər, ölkəmizin hazırkı iqti­sadi gücü, eləcə də qlobal arenada yüksələn nüfuzumuz Azərbaycana uğurlu xarici siyasət kursu yetirmək üçün əlverişli şərait yaradır. Aydın məsələdir ki, belə olan halda, bu siyasi kurs beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qarşılanır və təqdir edilir. Bu da öz növbəsində Azərbaycanla ikitərəfli və çoxşaxəli əlaqələr yaratmaq istəyən ölkələrin sayının artmasına səbəb olur. Bunun bir digər səbəbi də, respublikamızın siyasət arenasında özünü etibarlı, sözünə güvənilən tərəfdaş kimi aparması və bunu sübut etməsidir. Ümumiyyətlə, hazırda ölkəmizin beynəlxalq imici dur­madan yüksəlməkdədir. Azərbaycanın uğurlu inkişaf yolu, qətiyyətli, prinsipi­al mövqeyi, hər zaman haqqın, ədalətin yanında olması, beynəlxalq hüququn norma və prinsiplərini hər şeydən ali qəbul etməyimiz bu nüfuzu şərtləndirən amillərdəndir. Bir sözlə, Azərbaycanın çox uğurlu xarici siyasət kursu var və bu iradə gələcək illərdə daha da möhkəmlənəcəkdir.Ölkəmiz hər il dünyanı narahat edən qlobal problem və çağırışların həllində daha güclü iştirakçıya çevrilir. Xarici siyasət, diplomatik fəaliyyət mahiyyət etibarilə ölkənin dost və müttəfiqlərinin sırasını genişləndirməsidir. Erməni təcavüzünün qarşısını almaq üçün əlverişli beynəlxalq mühit formalaşdırmalı olduğu halda, məsuliyyətsiz addımlar sayəsində onsuz da çətinliklər burulğanında çırpınan respublika ətrafında tamamilə əlverişsiz diplomatik mühit formalaşdırılmışdır. Dahi və müdrik insanlar üçün xarakterik olan strateji, uzaqgörən baxışa və dərin düşüncəyə malik olan Heydər Əliyev tərəfindən Azərbaycanın xarici siyasətinin strateji ana xəttinin konturları cızılmışdır. Azərbaycanın müstəqilliyinin itirilməsi, Xalq Cümhuriyyətinin acı aqibətinin yenidən yaşanıla bilinəcəyi bir şəraitdə ölkəmizin yaxın və uzaq tarixi keçmişi, üzləşdiyi geosiyasi reallığı dərindən təhlil edilərək ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan xarici siyasət strategiyası ilk növbədə respublikamızın milli maraqlarının aydın, dəqiq şəkildə müəyyən edilməsini, bərabərhüquqlu, daxili işlərə qarışmamaq, qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında qonşu dövlətlər, dünya birliyi ilə mehriban münasibətlərin qurulmasını, eyni zamanda, Avratlantik inteqrasiya xəttinin tutulmasını, uğurlu enerji, nəqliyyat infrastrukturları diplomatiyası vasitəsilə uzunmüddətli perspektivdə davamlı inkişafın əldə edilməsini, xarici siyasətimizin manevr imkanlarının, strateji dərinliyinin artırılmasını, ən əsası, Ermənistanın Azərbaycana qarşı təcavüzünün məhəlli səviyyədən çıxarılaraq beynəlmiləlləşdirilməsini, işğalın nəticələrini aradan qaldırmaq üçün Ermənistana qarşı beynəlxalq siyasi təzyiqin gücləndirilməsini, son hədəf olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığının təmin olunmasını özündə ehtiva etmişdir. Qonşu dövlətlərlə mehriban münasibətlərin qurulması, eyni zamanda, Avratlantik inteqrasiya xəttinin tutulması, müstəqil siyasətin yürüdülməsi, Ermənistana qarşı beynəlxalq siyasi təzyiqlərin tətbiqinin formalaşdırılması və onun atəşkəsə vadar edilməsi, bununla da nəinki Azərbaycanın dövlətçiliyinin qorunması, hətta onun daha da möhkəmləndirilməsi zahirən qeyri-mümkün diplomatik gedişlər təsiri bağışlasa da, yalnız Heydər Əliyev diplomatiyası vasitəsilə mümkün olmuşdur. İstər həmin dövrdə, istərsə də bu gün bu strategiyanın yalnız bir qalibi var idi: Azərbaycan xalqı! Daxili və xarici siyasətin bir-birini üzvi şəkildə tamamladığı formada qurulmuş bu strategiya müstəqilliyimizin ilk dövrlərində daxili inkişaf üçün əlverişli xarici mühitin yaradılmasını özündə ehtiva edirdisə, artıq bu gün uğurlu daxili siyasət, o cümlədən ölkəmizin liberal-demokratik yolla inkişafı, siyasi sistemin sabitliyi, dövlətçiliyin möhkəmliyi, davamlı və sürətli iqtisadi çiçəklənmə xarici siyasət sahəsində əldə etdiyimiz nailiyyətlərin əsasını təşkil edir. Daxili və xarici siyasətin bir-birini üzvi şəkildə tamamladığı formada qurulmuş bu strategiya müstəqilliyimizin ilk dövrlərində daxili inkişaf üçün əlverişli xarici mühitin yaradılmasını özündə ehtiva edir. Artıq, bu gün uğurlu daxili siyasət, o cümlədən ölkəmizin liberal-demokratik yolla inkişafı, siyasi sistemin sabitliyi, dövlətçiliyin möhkəmliyi, davamlı və sürətli iqtisadi çiçəklənmə xarici siyasət sahəsində əldə etdiyimiz nailiyyətlərin əsasını təşkil edir.

    Ümumilikdə, ölkəmizin xarici siyasət kursu həm nüfuzumuzun artmasına, həm də tərəfdaş dövlətlərin sayının ço­xalmasına gətirib çıxarır. Bu, ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqillik qazanan gənc respublikamız üçün böyük uğurdur. Ümid edirik ki, ölkəmiz bundan sonrakı mərhələdə də daim in­kişaf edəcək, yeni uğur və nailiyyətlərə imza atacaqdır.                                                                                                                                                       

                                                                                     Müşfiq   Səfərov,

                    Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri