Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi artan beynəlxalq nüfuzunun təzahürüdür

18:54 16-01-2023 308

    Məlum olduğu kimi, bu gün, Azərbaycan dünyanın ən nüfuzlu və sabit inkişaf etməkdə olan ölkələri arasında öz yerini kifayət qədər möhkəmləndirib. Bu da, təbii ki, müstəqillik illərində Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı uğurlu daxili və xarici siyasət, eləcə də, Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olub. Azərbaycanın bu illər ərzində qazandığı uğurlar artıq, dünyanın nüfuzlu beynəlxalq təşkilatları, o cümlədən, ayrı-ayrı aparıcı dövlətlər tərəfindən də təsdiq edilir. Bütün bunlar, əlbəttə ki, təsadüfi sayıla bilməz. İstər Avropa ölkələri ilə ayrılıqda, istərsə də, Avropanın böyük beynəlxalq təşkilatları ilə əməkdaşlıq sahəsində Prezident İlham Əliyev çox uğurlara imza atmışdır. Ölkə Prezidenti, cənab İlham Əliyevin siyasi fəaliyyətinin ən böyük uğurlarından biri kimi, son illərdə Azərbaycanın müstəqil xarici siyasət yürütməsini qeyd etmək olar. Bu siyasət, təbii ki, birinci növbədə milli maraqlara, ədalətli, səmərəli əməkdaşlığa əsaslanır və bizə çox sayda dost qazandırmışdır.

   Öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirir. Bu səbəbdən ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını verib. Həmin il Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub. Ölkəmizin ərazi bütövlüyü təşkilat çərçivəsində üzv dövlətlər tərəfindən birmənalı şəkildə tanınıb və haqlı mövqeyimiz beynəlxalq səviyyəli məsələlərdə daim dəstəklənib. Azərbaycan Qoşulmama Hərəkatının müxtəlif səviyyəli iclaslarında, konfranslarında iştirak etmək, üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla bu qurumun məqsəd və prinsiplərinə öz töhfəsini verir. Hərəkata üzv olduğumuz qısa müddət ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artmış və təşkilatın daxili prosedur qaydalarında, sənədlərində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunmuşdur. 5 aprel 2018-ci il tarixində  Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının Nazirlər konfransı keçirilmişdir. Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. Ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir. Məhz, Qoşulmama Hərəkatı tərəfindən ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində üzv olmasına baxmayaraq, üzv dövlətlər tərəfindən yekdilliklə Azərbaycanın bu təşkilata sədrliyi dəstəklənib. Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul olunmuşdur. Azərbaycan Respublikası 25-26 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünə ev sahibliyi etmişdir. Tədbirdə 120 BMT üzv dövlətinin yüksək səviyyəli nümayəndələri və 42 beynəlxalq təşkilat nümayəndələri iştirak etmişdir. Bakı Sammiti ilə Hərəkatda Sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçmişdir.

    Onu da qeyd edim ki, virtual formatda keçirilmiş Xarici İşlər Nazirlərinin Aralıq Konfransında Qoşulmama Hərəkatının üzvləri yekdilliklə Azərbaycanın sədrliyinin daha 1 il - 2023-cü ilə qədər uzadılması haqqında qərar verib. Şübhəsiz ki, Hərəkat üzvləri tərəfindən Azərbaycanın sədrliyinin bir il uzadılmasına dair qərarın verilməsi təsadüfi deyil, bu, Qoşulmama Hərəkatının üzvlərinin Azərbaycana olan etimadının, inamının növbəti təzahürüdür. Hərəkat üzvlərinin Azərbaycan sədrliyinin əlavə olaraq bir il müddətinə uzadılması haqqında qərarı həm də, Azərbaycanın ədalətə, beynəlxalq hüquqa, multilateralizmə əsaslanan sədrliyinə verilən obyektiv və yüksək qiymətdir. Azərbaycan isə, öz növbəsində, Qoşulmama Hərəkatına üzv olan ölkələrin bu etimadını yüksək qiymətləndir və təşkilata sədrliyini uğurla davam etdirir.

Sabit Mehdiyev,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.