Hər bir xalq, millət üçün milli azadlıqdan və müstəqillikdən qiymətli heç bir şey yoxdur

11:35 10-03-2023 307

   Tarixi faktlardan məlumdur ki, Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsinə və zəngin təbii sərvətlərinin olmasına, tarixinin ayrı-ayrı dövrlərində müxtəlif böyük dövlətlərin müstəkəmləkəçilik zülmü altında yaşamağa məcbur olmasına, eləcə də, öz sərvətlərinə tam şəkildə sahib olmaq imkanından məcburən məhrum olunmasına baxmayaraq, xalqımız həmişə azadlığa, müstəqilliyə qovuşmaq üçün həmişə mübarizələr aparmışdır. Ötən əsrin əvvələrində 27 may 1918-ci ildə Zaqafqaziya Seyminin Tiflis şəhərində keçirilən fövqəladə iclasında müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan edərək, ölkənin Milli Şura və müvəqqəti hökumət tərəfindən idarə olunacağını bəyan etdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə əlaqədar qəbul olunmuş 28 may 1918-ci il tarixli “İstiqlal Bəyannaməsi”ndə tam müstəqil, bütün millətlər, xalqlar, dövlətlərlə mehriban qonşuluq münasibətləri yaratmağa çalışan, xalqı suveren hüquqlara malik, öz sərhədləri daxilində millətindən, dinindən, sosial vəziyyəti, cinsindən asılı olmayaraq, vətəndaşların vətəndaşlıq və siyasi hüquqlarını təmin edən, onların azad inkişafı üçün geniş imkanlar yaradan dövlətin qurulması bütün dünyaya bəyan edilmiş, həmçinin, qeyd olunan prinsiplər yeni dövlətin siyasi quruculuğunun, gələcək inkişafının əsas istiqamətləri kimi təsbit olunmuşdur. Fəaliyyət göstərdiyi 23 ay ərzində Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlətin atributlarından biri kimi Milli pul vahidini dövriyyəyə buraxmış, Dövlət Bankı yaradılmış, maliyyə-kredit, vergi, gömrük sistemi formalaşdırılmış, nəqliyyat, rabitə, poçt-teleqraf, telefon əlaqələrini nizama salmış, milli ordunu formalaşdırmış və xarici siyasət sahəsində dövlətin müstəqilliyinin tanınması istiqamətində mühüm əhəmiyyətli addımlar atmış, dünyanın 23 dövləti tərəfindən tanınmışdır. Parlamentin və hökumətin yetirdiyi fəal, məqsədyönlü siyasət nəticəsində, 11 yanvar 1920-ci ildə keçirilmiş Paris sülh konfransında Azərbaycanın müstəqilliyi rəsmən tanınmışdır.

     Təəssüflər olsun ki, xarici təcavüzkar və daxili antimilli qüvvələr Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini davam etdirib, öz ideyalarını axıradək reallaşdırılmasına imkan vermədi. 1920-ci ilin aprel ayında XI rus ordusu Azərbaycanın sərhədlərinə yaxınlaşdı. Aprel ayının 26-dan 27-nə keçən gecə həmin ordu hissələri ölkəmizin ərazisinə daxil olub, Bakıya doğru irəlləməyə başladı. 27 aprel 1919-cu ildə gündüz saat 12-də hakimiyyətin təhvil verilməsi haqqında Azərbaycan Parlamentinə ultimatum verildi. Aprel ayının 29-da Azərbaycan İnqilab Komitəsi hərbi yardım göstərilməsi xahişi ilə müraciət etdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyətdən sonra, süqut etdi.
Bundan sonra, Azərbaycan xalqının taleyinə 70 ildən çox bir müddətdə Sovetlər Birliyinin tərkibində azadlıq və müstəqillik yolunda çox çətin, əzablı mübarizə aparmaq kimi tarixin acımasız həqiqətləri yazıldı. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi “Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi qısa müddət ərzində həyata keçirdiyi tədbirlərlə milli dövlətçilik ənənələrimizin bərpasında böyük rol oynamaqla, çox dərin izlər buraxmış və bu illər tariximizin ən parlaq səhifələrindən biridir. Müsəlman Şərqində ilk parlamentli respublikanın Azərbaycanda qurulması həmişə azadlığa,  süverenliyə can atmış, həmin bəşəri dəyərləri yüksək qiymətləndirərək, bunların uğrunda ağır qurbanlar vermiş xalqımızın arzu və istəklərinin, milli özünüdərketmə prosesinin ifadəsi, təntənəsi, keçdiyi mürəkkəb, şərəfli tarixi inkişafın, onun böyük mütəfəkkir, ziyalılarının müstəqil dövlət quruculuğu ideyalarının reallaşması yolunda sərf etdikləri ağır, gərgin əməyin məntiqi nəticəsi idi. Bu tarixi hadisə ilə islam dünyasında əvvəllər mövcud olmuş butun dövlətlərdən köklü surətdə fərqlənməklə, monarxiya, təkhakimiyyətliliyi inkar edən, dünyəvi prinsiplərə əsaslanan ilk demokratik dövlət yarandı və dünya birliyində öz tarixi yerini tutdu”.

     Nəhayət, xalqımız apardığı mübarizədə verilmiş şəhidlər və qanlar bahasına XX əsrin əvvədlərində itirilmiş müstəqilliyimizi bərpa etməyə nail olmaqla, 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını ümumxalq ifadəsi ilə təsdiqlədi. Müasir Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini və İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may gününü “Respublika Günü” kimi qəbul etdi. Azərbaycanın müstəqilliyini əldə etməsi ağır, məşəqqətli bir dövrə təsadüf edirdi. Müstəqilliyini yeni qazanmış Azərbaycanın qarşısında mühüm siyasi, sosial, iqtisadi, hüquqi islahatların həyata keçirilməsi zərurəti dururdu. Sovet imperiyasının dağılmasından sonra siyasi sistemi dəyişən dövlətin yeni şəraitdə yaşaması inkişafı üçün geniş profilli islahatlara, radikal qərarlara ehtiyacı var idi. Təəssüf ki, ötən əsrin 90-cı illərinin əvvəlində olduqca mürəkkəb siyasi, sosial, iqtisadi vəziyyətin mövcud olduğu bir şəraitdə hakimiyyətdə olan səriştəsiz qüvvələr həyati əhəmiyyətli islahatları nəinki reallaşdıra bilmədilər, tam əksinə, bu qüvvələrin yarıtmaz fəaliyyətləri nəticəsində respublikamız müstəqilliyini itirmək təhlükəsi ilə üzbəüz qaldı. 1991-ci ildə əldə etdiyimiz müstəqilliyimizin ilk illərində Azərbaycanda hökm sürən hakimiyyətsizlik, hərc-mərclik, cinayətkarlığın artması respublikamızın həyatının bütün sahələrinə böyük zərbələr vurmuş, bütün bunlar ölkədə ictimai-siyasi vəziyyətin gərginləşməsinə gətirib çıxarmış, kriminal ünsürlər baş qaldırmış, adi vətəndaşlardan tutmuş yüksək rütbəli dövlət xadimlərinə, dövlətçiliyə qarşı törədilən cinayətlərin sayı artmış, dövlət idarə və müəssisələrində dövlət əmlakının mənimsənilməsi, bank-maliyyə pozuntuları geniş vüsət almışdı.

      Ölkəni siyasi böhrandan çıxarmaq üçün qədirbilən xalqımız özünün xilaskarı olan dünya şöhrətli siyasətçi Heydər Əliyevə üz tutdu və xalqın tələbi ilə möhtərəm Heydər Əliyev hakimiyyətə qayıdandan sonra, Azərbaycan məhz, onun sayəsində öz müstəqilliyini qoruyub saxladı, bütün sahələr özünün sürətli inkişaf yoluna qədəm qoydu. Ulu Öndərin rəhbərliyi altında həyata keçirilən mühüm siyasi, sosial, iqtisadi, mədəni islahatlar sayəsində ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı, ölkədə maliyyə vəziyyəti sabitləşdi, xarici investisiyaların həcmi artdı, xalqın həyat səviyəsi yaxşılaşmağa başladı. Ölkə daxilində mövcud problemlərin tədricən aradan qaldırılması, iqtisadiyyatın inkişaf yoluna qədəm qoyması Azərbaycanın xarici siyasətdə də daha fəal, qətiyyətli addımlar atmasına şərait yaratdı. Ulu Öndər Heydər Əliyevin ciddi səyləri nəticəsində bölgədə, ümumilikdə, dünyada Azərbaycana münasibətdə müsbətə doğru meyllər artmağa başladı. Heydər Əliyevin ardıcıl olaraq xarici ölkələrə səfərləri, beynəlxalq təşkilat nümayəndələri ilə keçirdiyi görüşləri nəticəsində Ermənistanın Azərbaycana təcavüzü ölkəmizin sosial-iqtisadi vəziyyəti haqqında həqiqətlər dünya ictimayətinə çatdırıldı. Ölkəmizin xarici siyasətinin əsas prinsipləri və istiqamətləri müəyyən edildi. Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmləndirilməsi, rolunun artırılması bütün dövlətlərlə qarşılıqlı maraqlara söykənən münasibətlərin inkişafını şərtləndirdi.

    Bu gün, azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəyliyinə, xalqın vahid bir ideya ətrafında mənəvi birliyinə nail olunmasında ölkə Prezidenti, cənab İlham Əliyevin xüsusi xidmətləri var. Məhz, ölkə Prezidenti, cənab İlham Əliyevin sayəsində milli-mənəvi və bəşəri dəyərlər, artıq azərbaycançılıq ideologiyasının özəyini, onun əsas təməl prinsiplərini təşkil etməkdədir. Azərbaycançılıq ümumbəşəri dəyərlərdən yetərincə bəhrələnməklə bərabər, öz milli mentallığını qoruyub saxlamaqdadır. Bu ideya həm Azərbaycanın sərhədləri daxilində, həm də, ölkəmizin hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı üçün əsas baza mənbəyidir. Bizi uzun yüzilliklər boyu vahid bir əqidə bayrağı altında birləşdirən, ən çətin məqamlarda belə xalqımızın həmrəyliyinin təminatçısına çevrilən, məhz azərbaycançılıq ideyası olub. Əgər xalqımız əsl azərbaycançılıq ideyası ilə silahlanmasaydı, öz istiqlalına qovuşa bilməz, həyatın bütün sahələrində bugünkü qədər ali zirvələri fəth edə bilməzdi. Ölkə Prezidenti, cənab İlham Əliyevin dediyi kimi, "Azərbaycançılıq fəlsəfəsi bizim mənəvi dayağımızdır. Müstəqil siyasət, milli maraqlarımızın qorunması, milli ləyaqət, milli qürur, milli və dini tolerantlıq - budur bizim uğurlarımızın əsas şərtləri. Azərbaycanda bütün xalqlar qardaşlıq şəraitində yaşayırlar. Mən çox şadam ki, qısa bir zaman çərçivəsində bizim əsas ideoloji dayaqlarımız daha da möhkəmlənib. Azərbaycanda vətəndaş həmrəyliyi, sabitlik tam bərqərar olub. Bizim siyasətimizin əsas təməl prinsipləri müstəqil Azərbaycan dövlətinin milli maraqlarının qorunmasıdır. Biz bu işdə böyük uğurlara nail olmuşuq. Bizim bütün siyasətimiz, siyasi addımlarımız bir məqsəd güdür. Bu da, Azərbaycanın və azərbaycançılığın daha da möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması, siyasi islahatların dərinləşməsi və Azərbaycan xalqının təhlükəsizlik şəraitində, rifah içində yaşamasıdır".

  `Əminliklə deyə bilərəm ki, bu gün, müstəqli Azərbaycan Respublikası hərtərəfli inkişaf edir və Ulu Öndər Heydər Əliyevin xalqımızın müstəqil, azad yaşaması üçün yaratdığı memarlıq əsəri olan Azərbaycan etibarlı əllərdə olmaqla, möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursu hər bir azərbaycanlı dəstəkləyir. Təbii ki, müstəqilliyimizin qorunması işi, qarşımızda duran ən ümdə vəzifə kimi müəyyən olunmuşdur. Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimiz və qiymətli sərvətimizdir. Onun qorunub saxlanılması hər birimizin müqəddəs borcudur. Azərbaycançılıq ideyasının təbliği dövlətçilik, vətənpərvərlik və milli-mənəvi dəyərlər kimi təməl ideyalara söykənir. Dövlətçilik təməl ideyasına əsasən, Azərbaycan ərazisində yaşayan insanların vahid dövləti var. Həmin vahid dövlət də, Azərbaycan Respublikasıdır. Həmin dövlətin vətəndaşları irqindən, dinindən, siyasi baxışından asılı olmayaraq, vahid ideyaya - Azərbaycan dövlətinin qorunması, saxlanılması ideyasına qulluq etməlidir. Dövlətçilik təməl ideyasına dəstək verən digər təməl ideyalar isə, vətənpərvərlik və milli-mənəvi dəyərlərdir. Azərbaycan ərazisində yaşayan hər bir kəs, Azərbaycan Respublikasının bayrağına, gerbinə, himninə, konstitusiyasına və digər milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmalıdır...

 

  Sabit Mehdiyev,

  Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.