Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır

15:56 13-03-2023 431

     Sirr deyil ki, ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi yeni-yeni enerji layihələrinin gündəmə gətirilməsinə və uğurlu sonluqla başa çatdırılmasına geniş yol açır. Əvvəlcə regional çərçivədə başlanan əməkdaşlıq, illər keçdikcə coğrafiyasını genişləndirdi, çoxtərəfli əlaqələrin qurulması üçün imkanlar yarandı. Bütün bu uğurların təməlində Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası dayanır. Ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi” Azərbaycanı dünyaya etibarlı tərəfdaş kimi təqdim etdi. Bu isə, öz növbəsində, 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanmasını şərtləndirdi. Müqavilənin vaxtının 2050-ci ilə qədər uzadılması özündə ölkəmizin bu gününə və gələcəyinə olan inamı əks etdirir. Azərbaycanın ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirdikdə də bu məqam  özünü qabarıq şəkildə büruzə verir ki, münasibətlər strateji tərəfdaşlıqdan etibarlı tərəfdaşa doğru inkişaf edir. Azərbaycanın Avropa İttifaqı, eyni zamanda, bu beynəlxalq təşkilatın üzvü olan ölkələrlə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi göz qabağındadır. Enerji təhlükəsizliyi məsələsi daim aktual mövzu olub və bu gün bu məsələnin prioritetliyi özünü daha aydın şəkildə büruzə verir. Əsas diqqət çəkən məqam tarixən neft ölkəsi olan Azərbaycanın bu gün qaz, həmçinin, elektrik enerjisi  ixracatçısı kimi beynəlxalq aləmdə rolunu artırmasıdır. Qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin axırında Cənub Qaz Dəhlizinin sonuncu seqmentinin - TAP-ın işə düşməsi ilə başlayıb. Hazırda, Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya Azərbaycan qazının alıcılarıdır. Bu günümüzün reallıqlarından da göründüyü kimi, yeni çağırışlar qarşısında Azərbaycan qazına tələbat artır. Ötən ilin iyul ayında Azərbaycanla Avropa İttifaqı arasında  “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Ölkəmizlə qurum arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq böyük nailiyyətdir. İmzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsidir. O da məlumdur ki, Azərbaycanla Avropa İttifaqına üzv olan dövlətlərin üçdə biri arasında strateji tərəfdaşlığa dair Memorandum imzalanıb. Bu, ölkəmizin dünyanın enerji təhlükəsizliyində rolunun, həmçinin, dünyanın enerji xəritəsini dəyişmək imkanlarının göstəricisidir. Çoxtərəfli əməkdaşlığın başlanğıcı olan və nəzərdə tutulduğu vaxtda icrası başa çatan Cənub Qaz Dəhlizi layihəsində hazırda yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir. Göründüyü kimi, bu nadir layihə çərçivəsində geniş beynəlxalq əməkdaşlıq yaradılıb. Növbəti mərhələdə, üç Balkan ölkəsinin – Bosniya və Herseqovina, Xorvatiya, eləcə də, Monteneqronun tərəfdaşlar kimi bu layihəyə qoşulacağına əminlik ifadə edilir. Azərbaycan ixrac imkanlarını genişləndirmək istəyir. Avropada Azərbaycan qazına tələbat var. Avropa bazarı ölkəmiz üçün ən əlverişli bazardır.

     Bu gün, Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox ölkələrin, o cümlədən, Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyinə dəstəyini gücləndirir. Ölkəmiz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın qarşıdakı dövr üçün hədəflərinə qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir. Azərbaycanın enerji resurslarına ehtiyacın hazırda heç vaxt olmadığı qədər böyük olduğu diqqətdən kənarda qalmır. Ölkəmizlə Avropa İttifaqı arasında enerji dialoquna başlanması da bunun təsdiqidir. Azərbaycanın dünyanın enerji bazarında yerinin, mövqeyinin möhkəmlənməsini tərəfdaş ölkələrin rəsmiləri də böyük məmnuniyyətlə etiraf edirlər. Ölkəmizin dünya enerji bazarında hasilatçı, tranzit ölkə kimi tanınması, Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təminatındakı rolunun artması göstərir ki, Xəzər dənizindən hasil olunan enerji ehtiyatları gələcəkdə də Avropa istehlakçıları üçün yeganə mənbə olacaq. Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi sahəsində çox önəmli, əvəzolunmaz bir layihədir. Onu da qeyd edim ki, yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı da, Azərbaycanın önəmini daha da artırır. Əlbəttə ki, yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr Azərbaycanı  Avropa üçün daha da yaxın edəcəkdir…

 

  Sabit Mehdiyev,

  Yeni Azərbaycan Partiyası  Beyləqan rayon təşkilatının məsləhətçisi.