Ulu Öndər Heydər Əliyev: “Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir.”

20:45 27-04-2023 271

   Bildiyimiz kimi, hər bir xalqın tarixi yetkinləşmə, təkamül prosesinin ümdə qayəsini dövlətçilik ənənələri ilə yanaşı, həm də, zəngin milli-mənəvi irsi, pak və ali  dəyərləri müəyyən edir. Bu ənənə, dəyərlər bir-biri ilə çulğaşaraq həm də, xalqların məfkurə və düşüncə sisteminin, dünyagörüşünün parlaq təcəssümü kimi meydana çıxır. Dünyanın ən qədim xalqlarından sayılan azərbaycanlılar da tarixən formalaşmış zəngin milli-mənəvi və əxlaqi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr vermiş, ülvi və saf ideallara sarsılmaz bağlılığı ilə daim özünəməxsusluqlarını qorumuşlar. Şərqə məxsus mütərəqqi adət-ənənələrlə Qərbin mötədil dəyərlərinin mənəvi mədəniyyətimizdəki uğurlu harmoniyası həm də milli təfəkkürümüzdə fərqli dünyagörüşləri və mədəniyyətləri bir araya gətirir. Müasir qloballaşma dövründə elmi-texniki tərəqqinin sürətli inkişafı real həyatda yüksək nailiyyətlərə, mütərəqqi dəyişikliklərə yol açsa da, bu prosesin tarixi-mədəni irsə, əxlaqi-mənəvi dəyərlərə müəyyən təhlükə meylləri də özünü qabarıq göstərir. Şərq-Qərb sivilizasiyasının bir-birinə yaxınlaşdığı, bəzən də gizli və ya açıq mübarizələrin getdiyi bir zamanda soy-kökə qayıdışın, milli özünüdərkin böyük əhəmiyyəti vardır. Xalqın tarixən formalaşmış yüksək əxlaqi-mənəvi meyarlarını pak və sağlam niyyətlərlə qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv ruhda inkişafına təsir göstərmək, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiyanın həyata keçirilməsi zərurəti ilk növbədə ziyalıların, elm və mədəniyyət xadimlərimizin üzərinə böyük məsuliyyət qoyur. Azərbaycan Respublikası müstəqillik yolu ilə inamla irəlilədiyi, demokratik, hüquqi, sivil və açıq cəmiyyət qurduğu bir vaxtda milli-mənəvi dəyərlərin qorunması, gənc nəslə aşılanması xüsusi aktuallıq kəsb edir. Ümummilli Lider Heydər Əliyevin təbirincə desək, gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmalıdır. Heydər Əliyevin Azərbaycana, onun sosial-mədəni, elmi-intellektual, iqtisadi, siyasi inkişafına, milli-mənəvi intibahına həsr olunan, xalqımızın tarixində bütöv mərhələ təşkil edən fenomenal fəaliyyətində milli dil siyasəti həmişə həlledici mövqe, aparıcı yer tutmuşdur. Təkcə yaşanılan dövrü, müasir mərhələni yox, Azərbaycan ədəbiyyat və mədəniyyətinin bütöv milli tarixini, mühitini əhatə edən dil siyasəti xalqın tarixi uğurlarına əsaslanaraq böyük perspektivlərə istiqamətlənib. Müəyyən qədər unudulan, tarixin gizlinində xalqdan ayrı salınan milli ədəbiyyat və mədəniyyət nəhənglərinin üzə çıxarılması, bu yolla Azərbaycan dilinin böyük ədəbi yaddaşının bərpası, dilin daxili enerjisinin min illər boyu yığılan etnogenetik, ruhi-mənəvi potensialının oyadılması, hərəkətə gətirilməsi Heydər Əliyevin misilsiz xidmətlərindən biridir.

    “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyun tarixli fərmanı, 30 sentyabr 2002-ci il tarixli “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunu və bu qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli fərmanından irəli gələn vəzifələrdə, Heydər Əliyevin mənəvi dəyərlərimizə münasibəti açıq ifadə edilmişdir. Bu bir danılmaz faktdır ki, Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirilməsi və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər çox yaxşı başa düşürdü ki, hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən, qədim tarixə malik olan və min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ana dilimiz ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli məlum sərəncam imzalanmışdır. Ana dilimizə göstərilən qayğı baxımından “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 12 yanvar 2004-cü il fərmanı xüsusi əhəmiyyətə malikdir. Bu zamandan etibarən hər il avqust ayının 1-i “Ana dili günü” kimi qeyd olunur. Beləliklə, bütün sahələrdə olduğu kimi, Azərbaycan dilinin inkişafı və onun dövlət səviyyəsində işlədilməsi, məhz Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqı, Azərbaycan dili var olduqca Heydər Əliyevin dillə bağlı qoyub getdiyi zəngin irs də var olacaq, bizimlə birgə, qəlbimzidə yaşayacaq, körpələrimizlə yenidən doğulacaq, yenidən nəfəs alacaqdı.

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.