Bütün çətinliklərə rəğmən, neftçilərimiz 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi dövründə fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər

14:46 09-05-2023 62

Bütün çətinliklərə rəğmən, neftçilərimiz 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi dövründə fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər

    Bildiyimiz kimi, bu il ötən əsrdə bəşəriyyətə sarsıdıcı zərbə vurmuş faşist ideologiyası üzərində Qələbənin 78-ci ildönümü tamam olur. Müharibənin başa çatmasından 78 il keçsə də, bütün dünya üçün faciəli fəlakətlər dövrü kimi yadda qalan həmin qanlı-qadalı illər hələ də, unudulmur. 1939-1945-ci illəri əhatə edən İkinci Dünya müharibəsi 1939-cu il sentyabr ayının 1-də nasist Almaniyasının Polşa üzərinə hücumu ilə başladı, 1945-ci il sentyabr ayının 2-də Yaponiyanın təslim olması ilə başa çatdı. 50-dən çox dövlət antifaşist koalisiyasında birləşərək dünyanı faşizm taunundan xilas etdi. İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də, arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri “Şərəf” ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyatov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlıqları ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar. Azərbaycanlı döyüşçülər Zaqafqaziya cəbhəsindən Berlinədək qanlı-qadalı döyüş yolu keçmişlər. Zaqafqaziya cəbhəsində döyüşənlər arasında 66,1 min nəfər azərbaycanlı vardı. Mozdok rayonunda döyüşən 223-cü, 402-ci və 416-cı milli Azərbaycan diviziyaları 44-cü ordunun əsas zərbə qüvvəsi idi. 416-cı milli Azərbaycan diviziyası Berlinə ilk hücum edən 6 diviziyadan biri olmuşdu. Bu diviziya Reyxstaqın 150 metrliyində yerləşən Brandenburq darvazasının üzərində müharibənin Qələbə bayrağını ucaltmışdır. Əsasən, azərbaycanlılardan ibarət 416-cı və 77-ci diviziyalardan 16 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

      Qısa müddətdə Bakı döyüşən ordunun ən mühüm arsenalına çevrilmişdi. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hava flotu (aviasiya) benzini almaq üçün yeni texnologiya yaradılıb. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 millyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milliyon ton neft, 22 milliyon ton benzin və başqa neft məhsulları veriblər. Qətiyyətlə demək olar ki, Bakı nefti faşizm üzərində qələbənin qazanılmasında əsas amillərdən biri oldu. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasının daha bir sübutudur.

      Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında çıxış edərkən azərbaycanlıların İkinci Dünya müharibəsində iştirakını xatırladaraq deyib: - “Ən dağıdıcı, qanlı müharibənin ön və arxa cəbhələrində xalqlarımız gələcək nəsillər üçün nümunə olan qəhrəmanlıq, igidlik göstəriblər. Faşizm üzərində ümumi Qələbəmizə Azərbaycan layiqli töhfə verib. Azərbaycanın 600 mindən çox oğul və qızı Böyük Vətən müharibəsi cəbhələrində döyüşüb, onların yarısı ümumi Qələbəmiz uğrunda canlarından keçib. Müharibə illərində göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden-medallarla təltif edilib. Azərbaycan bütün ölkəni yanacaqla təmin edib. Cəbhə üçün çox zəruri olan neftin 70 faizdən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşürdü. Bunlar olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi.”

     1945-ci ilin 9 mayında, faşizm üzərində qələbədən ötən müddət ərzində dünya düzənində qarşısıalınmaz dəyişikliklər baş verdi. Azərbaycan SSRİ-nin tərkibindən ayrılaraq müstəqilliyinə nail oldu. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra, müharibə veteranlarının hüquqlarını bərpa etdi. Ümummilli Lider onları “Xalqımızın qızıl fondu” adlandırırdı. SSRİ-nin dağılmasından, Azərbaycanın müstəqillik qazanmasından sonra da, “Qələbə Günü” bütün MDB ölkələrində, o cümlədən Azərbaycanda qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin tapşırığı ilə, hər il “Qələbə Günü”ndə sağ qalmış müharibə iştirakçılarına və onların dul qadınlarına maddi yardımlar edilir. Bu isə, həmin kateqoriyadan olan insanların sosial vəziyyətinin daim diqqət mərkəzində olduğunu nümayiş etdirir. Qədirbilən Azərbaycan xalqı öz şanlı oğullarının xatirəsinə ölkənin hər yerində, hətta ən ucqar kəndlərdə də abidələr ucaldır. Dövlət başçısı, cənab İlham Əliyev və Birinci vitse-Prezident, xanım Mehriban Əliyeva İkinci Dünya müharibəsinin veteranları ilə görüşür, onları Qələbənin ildönümü münasibətilə təbrik edirlər.

    İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacaq.

 

Müşfiq Səfərov,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.