Azərbaycanın delimitasiya şərtləri

14:53 02-06-2023 237

   Məlumdur ki, Ermənistanın üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməməsi, sərhədlərin delimitasiyası-demarkasiyası prosesini yubatması,sülh sazişinin imzalanmasını əngəlləməsi birbaşa məkrli məqsədləri ilə bağlıdır. Ermənistanda hesab edirlər ki, indiki şəraitdə sülh müqaviləsinin imzalanması onlar üçün əlverişli deyil. Yəni, hər hansı bir sənədi imzalasalar, həmin sənəd Ermənistanın üzərinə beynəlxalq və ikitərəfli hüquqi öhdəliklər qoyacaq. Həmin öhdəliklərin pozulması isə yeni bir şərait yaradacaq. Ona görə də, Ermənistan üçtərəfli bəyanatın şərtlərini yerinə yetirmir, delimitasiya-demarkasiya və sazişin sülh sazişinin imzalanması prosesini yubadır. Burada da Ermənistan konkret məkrli məqsəd güdür. Təbii ki, Ermənistan Rusiya-Ukrayna müharibəsinin nəticəsini gözləyir. Ermənistan dövləti hesab edir ki, həmin müharibədə Rusiya məğlub olacaq. Nəticədə, Rusiyada ermənipərəst bir şəxs ölkə rəhbəri olacaq və Ermənistan ona arxalanaraq yenidən özünün təcavüzkarlıq hərəkətlərini davam etdirəcək. Ermənistan indiki şəraiti özü üçün əlverişsiz hesab etdiyi üçün bu prosesi zamana buraxır. Bu səbəbdən də, Ermənistan əlverişli zamanın gəlməsini gözləyir. Bu vəziyyət Ermənistan üçün çox fəlakətlə nəticələnə bilər, çünki heç bir dövlət Ermənistanı sona qədər müdafiə etməyəcək və heç bir ölkədə analar öz övladlarını erməni avantürası uğrunda ölməyə göndərməyəcək. Ermənistan başa düşməlidir ki, onun rahat yaşamasının, inkişafının başlıca yolu qonşularla dil tapıb yaşamaqdan keçir. Kənardan üçüncü qüvvələrin regiona gətirilməsi həmişə Ermənistanın başına fəlakətlər gətirib. Regiondan kənar və ya regiona qonşu olan dövlətlər də əgər gərçəkdən sülh istəyirlərsə, Ermənistana təzyiqlər etməlidirlər, amma onların da bir çoxu bu təzyiqləri etmir. Bəziləri bu regionda nifaq yaradaraq qalmaq istəyirlər, bəziləri də, onun vasitəsilə bu regiona soxulmaq istəyirlər. Yoxsa, Ermənistanla Azərbaycan baş-başa qalarlarsa, Ermənistan müstəqil olarsa və gələcəyinin nədə olduğunu düzgün müəyyənləşdirərsə, o zaman Cənubi Qafqazda problemlər də olmaz. Ermənistanın hazırda götürdüyü xətt isə yanlışdır və onu birbaşa faciələrə aparacaq.

   Ermənistan tərəfindən Ermənistan-Azərbaycan sərhədində vaxtaşırı təxribatlar törədilir. Biz həm də, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində də bunun şahidi oluruq. Sərhəddəki təxribatlar Ermənistan tərəfindən bu məsələyə daha çox diqqət yönəltmək məqsədi daşıyır və delimitasiya məsələsində Ermənistan tərəfinin irəli sürmək istədiyi ilkin şərtləri əsaslandırmaq üçün istifadə edilir, çünki Azərbaycanın delimitasiya prosesi ilə bağlı mövqeyi bəllidir. Biz, Ermənistan-Azərbaycan işçi qrupunun yaradılmasına və delimitasiya prosesinə razılığımızı bildirmişik, təbii ki, beynəlxalq hüquq normaları, beynəlxalq səviyyədə tanınmış sərhədlər anlamına gəlmək şərtilə. Ermənistan tərəfi isə, burada bəlli ilkin şərtlər irəli sürməyə çalışır ki, onlar da qəbul edilməsi qeyri-mümkündür. Ermənistan bu məsələdə ciddi şəkildə irəliləyişə nail olmaq istəyirsə, konstruktiv, beynəlxalq hüquqa əsaslanan mövqe tutmalıdır.

  Müşfiq Səfərov,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.