"Qarabağ"dan ardıcıl 10-cu qələbə

17:54 26-08-2019 678

“Qarabağ” futbol klubu Azərbaycan Premyer Liqasındakı qələbə seriyasını 10 oyuna çatdırıb.

Peşəkar Futbol Liqası xəbər verir ki, 2018/19 mövsümünün son səkkiz matçında xal itirməyən Ağdam klubu cari çempionatın startında ikinci qələbəyə sevinib.

Q.Qurbanovun yetirmələrinin son xal itkisi martın 9-na təsadüf edib. Həmin gün “Qarabağ” “Zirə” ilə ev matçında heç-heçə ilə kifayətlənib – 0:0.

Son çempion ötən mövsümün sonunda “Səbail” (2:1, 4:0), “Sumqayıt” (6:0), “Qəbələ” (2:1), “Sabah” (3:0), “Keşlə” (3:0), “Zirə” (3:0) və “Neftçi” (3:2) üzərində qələbə qazanıb.

Yeni mövsümün ilk matçında “Keşlə”ni bir qolla məğlub edən ağdamlılar qələbə seriyasını “Qəbələ” ilə qarşılaşmada 10-a çatdırıb. Bu dəfə evdə oynayan “Qarabağ” böyükhesablı qələbə əldə edib – 3:0.

Qeyd edək ki, “köhlən atlar” 10 oyunluq qələbə seriyası zamanı 30 qol vurub və 4-nü buraxıb.