Rüstəm Hidayəti ilk dəfə məğlub edib dünya çempionatının finalına çıxdı

15:36 27-08-2019 601

Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında Olimpiya və dünya mükafatçısı, Avropa çempionu Rüstəm Orucov finala çıxıb.

HerGun.Az xəbər verir ki, 73 kq çəki dərəcəsinin yarımfinalında iki azərbaycanlı cüdoçu R.Orucovla digər dünya çempionatının mükafatçısı, Avropa çempionumuz Hidayət Heydərov üz-üzə gəlib.

Görüşün "Qızıl xal"a (Golden Score) getdiyi bir anda öz çəkisində dünya reytinqinin lideri olan Rüstəm vaza-ari fəndi edərək əzəli rəqibinə qalib gəlib. Bununla da Orucov özündən yaşca kiçik olan, əvvəl üç dəfə uduzduğu Hidayəti ilk dəfə məğlub edə bilib.

Qeyd edək ki, Rüstəm Orucov finalda dörd dəfə uduzduğu meydan sahibi Shöey Ono ilə qarşılaşacaq. Onun yaponiyalı rəqibi Olimpiya, ikiqat dünya və ikiqat Asiya çempionudur. Ötən il Bakıda dünya çempionatının bürünc medalını qazanmış Hidayət Heydərov isə yenə eyni uğurunu təkrarlamaq üçün tacikistanlı Somon Maxmadbəyovla qarşılaşacaq.

Səbuhi Musayev