Tarixdə ilk məhkəmə: qullarla sevişib ərini öldürtdürən qadın və edam hökmü

17:45 27-08-2019 576

Dünya tarixində ilk dövlət formalarının ortaya çıxması cəmiyyətdə hakimiyyətin bölünməsi, məhkəmə sisteminin yaranması ilə nəticələnib. Tarixçilərin fikrincə, bu proses eramızdan min il əvvəl Qədim Yunanıstanda meydana çıxıb. Amma ilk məhkəmə sisteminin Şumerdə yarandığı fikrini müdafiə edən bir çox tarixçi var.

Tarixdə ilk cinayət məhkəməsi nə vaxt olub? Müttəhim kim olub və hansı cəzaya məhkum edilib?

HerGun.Az-ın bu barədə sualını tarixçi-alim Əkbər Nəcəf cavablandırıb.

Onun sözlərinə görə, Mesopotamiyada 4500 il əvvələ aid tapılan kitabələr arasında tarixin ilk cinayət məhkəməsi mətnləri oxunub. Məhkəmə ərini öldürmüş bir qadının cinayət işi haqqındadır. Nippur kitabələri arasından çıxan sənədlər cinayətin qurbanının Enlil məbədinin baş rahibi olan Lu-İnanna olduğunu göstərir.

Cinayətin qısqanclıq motivli olduğu ortaya çıxır. İttihamçılar arasında iki azad qul, bir qul və bir də Lu-İnannanın dul arvadı Nin-Dada yer alıblar. Öldürülən din adamı olduğu üçün məsələyə əvvəlcə kral baxıb, daha sonra işi doqquz nəfərlik Nippur məhkəməsinə göndərib.

Mətndən anlaşılır ki, rahibin arvadı ilə bu qullar arasında intim münasibət olub və qadın həmin qullara keçmiş ərini öldürtdürüb. Ancaq belə məlum olur ki, qadının vəkilləri yaxşı müdafiə hazırlasaydılar, qadın cəza almaya bilərdi. Çünki məhkəmə qərarını ehtimallar əsasında verib.

Məhkəmənin hökmü

"Ərinə qiymət verməyən bir qadın ərinin düşməni ilə tanış ola bilər. O düşmən də qadının ərini öldürə bilər. Daha sonra bunu qadına deyə bilər. Belə olan halda ərini öldürən qadın deyilmidir? Hətta qadının günahı əri öldürənlərin günahından daha ağırdır".

Nəticə: edam...