Tramp Putinə jest etmək istəyir

11:36 28-08-2019 760

ABŞ rəhbərliyi Rusiyanın iştirakı ilə G8 formatına qayıtmaq üçün çalışacaq.

Bunu “Fox News” telekanalına müsahibəsində ABŞ-ın dövlət katibi Mayk Pompeo söyləyib.

O qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp Rusiyanın G8 formatına qayıtmasını istəyir.

Xatırladaq ki, Donald Tramp G7 sammitinin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında Rusiyanın iştirakı ilə G8-in bərpasına meyilli olduğunu söyləyib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə jurnalistlərə açıqlamasında deyib ki, Rusiya üçün G8 formatına qayıtmağın əhəmiyyəti yoxdur.

Onun sözlərinə görə, G20 formatında bir çox məsələ daha effektiv həll olunur.

Bununla belə, bildirib ki, Rusiya Prezidenti Vladimir Putin digər ölkələrlə hansısa formatda rəsmi dialoqdan imtina etmir.

Qeyd edək ki, G7-yə Birləşmiş Krallıq, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya daxildir.

Rusiya da bu qrupa qoşulduqdan sonra həmin format G8 adı ilə tanınıb.

2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra Qərb ölkələri G7 formatına qayıdıblar.

Aqşin Kərimov