Zərərli saydığımız yeddi faydalı məhsul - Alimlərin səhvi

11:45 28-08-2019 1243

Qidalanma daim müzakirə mövzusu olub. İnsanlar hansı məhsulların orqanizm üçün xeyirli, hansıların zərərli olduğunu bilmək istəyirlər. Düşünə bilərsiniz ki, bu məsələ çoxdan birdəfəlik həllini tapmalı idi, lakin alimlər də səhv edə bilər. Bəzən onlar aylar, hətta illər sonra öz fikirlərindən dönmək məcburiyyətində qalır.

Daha yaxşı seçim etməyiniz üçün aşağıdakı "elmi səhv"lərlə tanış olun:

1. Duz

İllər öncə insanlar duzu "ağ zəhər" adlandırır, onun yüksək təzyiq, ürək və böyrəklə bağlı problemlər yaradacağından qorxurdular.

Lakin qaydasında istifadə olunan duz zərərsizdir. 2000-ci illərdə aparılan tədqiqatlar duzdan istifadənin hipertoniya, yaxud ürək xəstəliklərinə təsir etmədiyini göstərib. Hətta natrium istifadə etmədikdə, bədən qan təzyiqini artıran hormon və enzimalar ifraz etməyə başlayır.

2. Yumurta

Tərkibində xolesterin olduğu, arteriyaları tıxayaraq infarkt, insult və diabet riskini artırdığı deyilən yumurtanın vaxtilə rasiondan çıxarılması məsləhət görülürdü.

Lakin 10 il sonra alimlər səhv etdiklərini etiraf ediblər. Əslində, iki növ xolesterin mövcuddur: yaxşı və pis. Yumurtada olan xolesterin məhz yaxşı xolesterin növündəndir. Bundan başqa, yumurta dəmir, zülal, lütein və zeaksantin antioksidləşdiriciləri ilə zəngindir və sarı ləkə degenerasiyası, katarakta kimi yaşlandıqca artan görmə problemlərindən qoruyur.

3. Popkorn

Kinoteatrlarda bizə "yoldaşlıq" edən popkornlar illərlə zərərli hesab olunub. Lakin məlum olub ki, onun tərkibində antioksidləşdiricilərin (polifenolların) miqdarı meyvə-tərəvəzdəkindən çoxdur.

Tədqiqatlar göstərir ki, polifenollar ürək xəstəlikləri və xərçəng riskini azaldır. Popkornun daha bir üstünlüyü kalorilərinin çox az olmasıdır. Bu, bütöv dənəli qidaya aiddir. Lakin bu qidanı yeməzdən öncə ona süni əlavələrin qatılmadığına əmin olun. Ən yaxşısı isə popkornu evdə hazırlamaqdır.

4. Emal olunmamış süd

İllərlə bizə daha az yağ qəbul etmək üçün yağsızlaşdırılmış südə üstünlük vermək məsləhət görülüb.

Buna baxmayaraq, son tədqiqatlar göstərir ki, süddə olan yağların tərkibində faydalı qidalandırıcı maddələr çoxdur. Bu yağlar hətta qanı müəyyən xərçəng növlərinə qarşı dayanıqlı edir. Bundan əlavə, qatqısız və emal olunmamış süd gözəl bədən quruluşunu qorumağa kömək edir və diabet riskini azaldır.

5. Qəhvə

Bu yaxınlaradək qəhvənin hipertoniyaya, ürək problemlərinə, sinir sisteminin pozulmasına səbəb olduğu deyilirdi.

Lakin müasir tədqiqatlar göstərir ki, qəhvə, əslində, ürək xəstəliklərini azaldır və nəticə etibarən vaxtsız ölüm hallarının qarşısını alır. Qəhvə sevənlər qaraciyər sirrozuna, ikinci növ diabetə və hətta parkinson və altsheymer xəstəliklərinə daha az meyillidir.

6. Ağ düyü

Ağ düyüdən qorxmaq lazım deyil. Çünki:

- Asan həzm olunur və toksinləri (zəhərli maddələri) bədəndən çıxarmağa kömək edir. Ona görə də əgər sizin mədə ilə bağlı problemləriniz varsa, bu, ideal yeməkdir;
- Tərkibində qlüten yoxdur. Zəmanəmizdə bu, bir çoxları üçün aktualdır;
- Həzmlə bağlı xroniki problemlərin qarşısını almağa kömək edir;
- Ağ düyünün tərkibində olan arsen qəhvəyi düyünün tərkibindəkindən azdır.

7. Pizza

Evdə hazırlanan pizza zərərsizdir. Əslində, bu, müxtəlif qidalandırıcı maddələr mənbəyidir: zülal, faydalı karbohidratlar, tərəvəz və sevdiyiniz göy-göyərti.

8. Şokolad

Düşündüyünüz qədər zərərli deyil. Yaxşı şokolad hətta sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. "Yaxşı" dedikdə, tərkibində ən azı 70 faiz kakao olan tünd şokolad nəzərdə tutulur.

Bu cür şokolad:

- Damarların elastikliyini bərpa edir. Bu isə ürək və ümumilikdə qan dövranı üçün faydalıdır;
- "Pis" xolesterinin miqdarını azaldır;
- Beyinin fəallığını qoruyur;
- İnsult riskini azaldır;
- Bəzi tədqiqatlara əsasən, diabetin qarşısını da alır;
- Nəhayət, insanlarda xoşbəxtlik hormonunu artıraraq, əhval-ruhiyyəni yüksəldir.