Şamaxıda üzümçülük sahəsi üzrə ilk kooperativ təsis edildi

23:00 28-08-2019 891

Avropa İttifaqının maliyyələşdirdiyi Azərbaycan Respublikası Kənd Yerləri və Regionların İnkişafına Dəstək (KYRİD) proqramının icrasına texniki yardım layihəsi çərçivəsində Şamaxı rayonunda "Məlcək Üzümçülük İstehsal Kooperativi"nin yaradılması üzrə təsis yığıncağı keçirilib.

HerGun.Az-a Kənd Təsərrüfatı Nazirliyindən verilən xəbərə görə, tədbirdə nazirliyin şəxsləri, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM), Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri, Avropa İttifaqının maliyyələşdirdiyi Azərbaycan Respublikası Kənd Yerləri və Regionların İnkişafına Dəstək proqramının icrasına texniki yardım layihəsinin mütəxəssisləri, kooperativ üzvləri, fermerlər və kənd sakinləri iştirak edib.

Tədbirdə çıxış edən Kənd Təsərüfatı Nazirliyinin Fermerlər, Assosiasiyalar və Kooperativlərlə iş şöbəsinin sektor müdiri Azər Əliyev, sözügedən sektorun baş məsləhətçisi Fuad Məmmədov dövlət tərəfindən kooperativləşmə prosesinə verilən dəstəklə bağlı iştirakçılara ətraflı məlumat veriblər.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Ruslan İsmayılov da öz növbəsində koopertivləşmənin məhsul satışında fermerlər üçün yaratdığı üstünlüklərə toxunub. O, "Aqrar Tədarük və Təchizat" ASC-nin kooperativlərə verə biləcəyi dəstəklə bağlı iştirakçıları məlumatlandırıb. Qeyd olunub ki, kooperativlərin təsis olunması fermerlərin üzləşdiyi çətinliklərin asanlıqla həllinə, onların işini daha effektiv qurmasına, xərclərinin azalmasına imkan verir.

Kənd Yerləri və Regionların İnkişafına Dəstək layihəsinin mütəxəssisləri Elməddin Namazov və Elçin Atababayev isə layihənin məqsədlərinə toxunaraq, Şamaxı rayonunda üzümçülük və şərabçılığın inkişafı üçün kooperativləşmənin mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Natiqlər KYRİD layihəsi tərəfindən aparılmış tədqiqatların nəticələrinə istinad edərək kooperativləşmənin vacib olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Daha sonra "Məlcək Üzümçülük İstehsal Kooperativi"nin Təsis Protokolu imzalanıb və kooperativ üzvləri rəsmi qeydiyyatdan keçməklə bağlı qərar qəbul ediblər. Fermer Qurbanəli Babaşov yekdilliklə "Məlcək Üzümçülük İstehsal Kooperativ"nin sədri seçilib.