Ekspert: Ermənistanın korrupsiyalaşması Paşinyana rəqiblərini vurmaq üçün əlavə imkan verir

13:36 29-08-2019 646

Ermənistanın Baş naziri Nikol Paşinyanın köhnə iqtidar komandasına qarşı açdığı savaş davam edir. Bu dəfə Ermənistan hakimiyyətinin hədəfi keçmiş maliyyə naziri Qaqik Xaçatryan olub. O, külli miqdarda korrupsiyada və dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq həbs edilib.

Q.Xaçatryan 2008-2018-ci illərdə Serj Sarqsyan iqtidarının əsas fiqurlarından biri olub. O, maliyyə naziri vəzifəsindən əlavə, Dövlət Gəlirləri Komitəsinin rəhbəri kimi də fəaliyyət göstərib.

Ermənişünas alim Qafar Çaxmaqlı HerGun.Az-a deyib ki, N.Paşinyan öz iqtidarını möhkəmləndirmək üçün "köhnə qvardiya"ya qarşı mübarizəsini davam etdirir.

Onun sözlərinə görə, Ermənistan korrupsiyalaşmış ölkədir və bu, N.Paşinyana rəqiblərini sıradan çıxarmaq üçün əlavə imkanlar verir:

"Həbs edilən keçmiş nazir Qaqik Xaçatryan da maliyyə maxinasiyaları edib. O, korrupsiyaya bulaşmış şəxsdir, Serj Sarqsyanın hakimiyyəti dövründə iqtidarın korrupsiya mexanizmlərini həyata keçirib".

Ekspert qeyd edib ki, N.Paşinyan rəqiblərini sıradan çıxarmaqdan ötrü müxtəlif ssenariləri işə salır.

Q.Çaxmaqlı N.Paşinyanın "Qarabağ klanı"na qarşı həmləsi nəticəsində general Manvel Qriqoryanın, eks-prezident Robert Koçaryanın həbs olunduğunu xatırladıb:

"Qarabağ klanı" şərti addır. Bu klana Qarabağda olmayan ermənilər də daxildir. Yəni köhnə iqtidar komandasını şərti olaraq "Qarabağ klanı" adlandıra bilərik. Paşinyan "Qarabağ klanı"nı zəiflədə bilib".

Alim onu da əlavə edib ki, bununla belə, "Qarabağ klanı" tam sıradan çıxmayıb:

"Paşinyanın bütün addımlarına baxmayaraq, Ermənistanda korrupsiyanın kökü kəsilməyəcək".

Aqşin Kərimov