Rusiyalı ekspert: Tarixi yenidən yazmaq cəhdi heç vaxt yaxşı nəticələnməyib

17:00 29-08-2019 419

Beynəlxalq ictimaiyyət bu günlərdə kədərli yubiley tarixini qeyd edir. Belə ki, Hitler 80 il əvvəl Polşaya hücum etdikdən sonra 1939-cu il sentyabrın 1-də II Dünya müharibəsi başladı.

Varşava sentyabrın 1-də II Dünya müharibəsinin başlamasının 80-ci ildönümünə həsr olunmuş tədbirlər keçirəcək. Lakin Polşa Rusiya rəhbərliyini sözügedən tədbirlərə dəvət etməyib. Bunun əvəzində NATO, Avropa İttifaqı və "Şərq tərəfdaşlığı" ölkələrinin nümayəndələrinə dəvət göndərilib.

Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylovun fikrincə, Polşa qonaqların seçimində bu cür ayrı-seçkiliyə yol verməklə tarixi saxtalaşdırmağa və Avropanı nasist taunundan azad edərkən öz canlarından keçmiş milyonlarla Sovet İttifaqı vətəndaşının Böyük Qələbəyə verdiyi töhfə qarşısında susmağa çalışır.

"Zənnimcə, Polşa sentyabrın 1-də çox qəribə və təxribat xarakterli tədbir keçirməyə hazırlaşır. Unutmaq olmaz ki, tarixi yenidən yazmaq cəhdi heç vaxt yaxşı qurtarmayıb", - Y.Mixaylov HerGun.Az-a deyib.

Onun sözlərinə görə, bu tədbir faşizmə qarşı birlikdə vuruşan xalqlar arasında parçalanma yaratmağa hesablanıb:

"Azərbaycan xalqı Sovet İttifaqının digər qardaş xalqları ilə məkrli düşmən üzərində qələbə qazanmaq üçün çiyin-çiyinə böyük səylər göstərib. Fikrimcə, Polşa rəhbərliyi indiki halda SSRİ-nin dağılması nəticəsində Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək və Dağlıq Qarabağla ona bitişik rayonları işğal edərək, tarixi yenidən yazmağa başlayan Ermənistan liderlərini xatırladır.

Rəsmi Yerevan indi həmin torpaqların tarixən kimə mənsub olması və burada kimin minilliklər ərzində yaşadığına dair istənilən məlumatı yaddaşdan silməyə səy göstərir".

Ekspert bu cür tarixi məsələlərdə ikili standartlardan istifadənin yolverilməz olduğunu bəyan edib:

"Rusların və Rusiyanın Böyük Qələbəyə verdikləri töhfə ilə bağlı yaddaşdakıları silməyə çalışan polşalılar sentyabrın 1-dəki tədbirə dəvət edilmiş ölkələrin nümayəndələri qarşısında özlərini çox pis vəziyyətə qoyurlar.

Düşünürəm ki, keçmiş sovet respublikalarının bir çox nümayəndə heyəti Varşavada tədbirin təşkilatçılarına xatırladacaqlar ki, Rusiya SSRİ-nin əsas hüquqi varisidir və müvafiq olaraq, bu ölkəyə məhəl qoymamaq dünya sabitliyi və təhlükəsizliyinin qorunması üzrə ümumi strategiyanın xeyrinə deyil".

Y.Mixaylov əlavə edib ki, Varşavanın ayrı-seçkiliyi Rusiyanın Azərbaycan, Gürcüstan, Moldova, Ermənistan və b. ölkələrlə münasibətlərinə zərər vurmaq cəhdi kimi də izah edilə bilər:

"Polşa hakimiyyəti bu ilin iyununda müttəfiq qoşunlarının Normandiyaya çıxarılmasının 75-ci ildönümünün qeyd edilməsi zamanı SSRİ-nin ümumi Qələbədə rolu barədə susan NATO və Avropa İttifaqının xəttini davam etdirir".

Rasim Babayev