Şahzadə Endrü ilə Trampın arxiv şəkilləri qalmaqal yaratdı - FOTO

19:18 30-08-2019 620

Şahzadə Endrü, Ceffri Epsteyn və Donald Trampın sosial şəbəkədə yayılmış arxiv şəkilləri səs-küyə səbəb olub.

Bu görüntülər Kraliça II Yelizavetanın oğlu Şahzadə Endrü və ABŞ-ın hazırkı prezidenti Donald Trampın cinsi istismar məqsədi ilə insan alverində ittiham olunan amerikalı maliyyəçi ilə yaxın dostluğunu bir daha sübut edir.

Ötən gün paylaşılan fotolar izləyicilərin diqqətini çəkib. Şəkillər 2000-ci ilin fevralında Florida ştatındakı "Palm Beach" çimərliyində keçirilən Club Mar-a-Lago tennis turniri zamanı lentə alınıb. Şəkillərdə ABŞ prezidenti Donald Tramp, sevgilisi Melaniya Knavs, Şahzadə Endrü, Ceffri Epsteyn və Gisele Maksvellə birlikdə yer alıb. Yayımlanan fotoşəkildə milyarder Epsteynin son görüşdüyü qızlardan olan Vircinia Cuffre də görünür. Cuffri şahzadəni ona qarşı törətdiyi zorakılıqda günahlandırır.

Çərşənbə günü Şahzadə Endrü təcili olaraq İspaniyada keçirdiyi tətilini yarımçıq saxlamalı olub (bəlkə də, şəkillərin internetə "sızdığını" digərlərindən daha əvvəl bilib). Endrü kral məsləhətçiləri ilə danışıqlar aparmaq və yaranmış böhrandan çıxış yolu tapmaq üçün Londona qayıdıb.

Xatırladaq ki, bir müddət əvvəl qadın alverində ittiham olunan amerikalı maliyyəçi Ceffri Epsteyn həbsxanada intihar edib. Onun 2002-2005-ci illərdə yetkinlik yaşına çatmayan qızlara cinsi təcavüz etdiyi bildirilir. Prokurorluq iddia edir ki, Epsteynin xidmətlərindən istifadə edənlər arasında Bill Klinton, Donald Tramp, Şahzadə Endrü, İngiltərə və İsrailin keçmiş baş nazirləri Toni Bleyer və Ehud Barak, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman da var. 

Rəşad Əliyev