Avropa Məhkəməsi bu il mövqeyini açıqlayacaq: azərbaycanlı girovlarla bağlı

15:45 24-06-2019 540

Hazırda Avropa İnsan Hüquqları Məhkəməsinin gündəmində Azərbaycanla bağlı hər hansı ciddi məsələ yoxdur.

HerGun.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov bildirib.

Onun sözlərinə görə, Çıraqovlarla bağlı qərar artıq qəbul edilib və Nazirlər Komitəsinin iclasında bir dəfə baxılıb:

“Növbəti dəfə məsələyə 2019-cu ilin dekabrında baxılacaq. Gözləyirik ki, Ermənistan hökuməti qərarın icrası ilə bağlı görülən tədbirlər barədə məlumat təqdim etsin və biz onu müzakirə edək. Hələlik hər hansı məlumat yoxdur. Məlumdur ki, Ermənistan qərarın icrasından imtina edir”. 

Sektor müdiri qeyd edib ki, erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı şikayət Avropa Məhkəməsinə göndərilib:

“Azərbaycan hökuməti də bu prosesdə iştirak edir. Artıq bütün kommunikasiya mərhələsi yekunlaşıb. Bu il ərzində Avropa Məhkəməsinin öz mövqeyini bildirməsini gözləyirik. Bununla yanaşı, Avropa Şurasında Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti ilə bağlı tədbirlər keçirilib və bu həftə AŞ PA-da nümayəndə heyətimiz tərəfindən Azərbaycanın bu məsələdəki mövqeyi deputatların nəzərinə çatdırılacaq”.

İlhamə Əbülfət