Kaliforniyada gəmi yanğınında ölən 25 nəfərin cəsədi tapılıb

12:36 03-09-2019 489

Kaliforniyada, Santa-Krus adasının sahillərində "Conception" ticarət gəmisinin yanaraq batması nəticəsində həlak olan 25 nəfərin cəsədi tapılıb, daha doqquz nəfərin axtarışı davam edir.

Bu barədə "Associated Press" agentliyini Sahil Mühafizəsinə istinadən yazır.

Məlumata əsasən, "Conception" ticarət gəmisi dayverləri mənzərəli yerlərdə gəzdirəcəkmiş.

Sahil Mühafizəsinin nümayəndəsi Monika Roçesterin sözlərinə görə, gəmidə 39 nəfər olub, ekipajın beş üzvü təxliyə edilib. Yanğının səbəbləri hələlik məlum deyil.

Məlumata əsasən, yanğın gecə saatlarında başlayıb. Ekipaj üzvləri oyaq olduqları üçün vaxtında gəmini tərk edərək xilas ola biliblər. Digərləri həmin vaxt yatıb.

Daha öncə KTLA telekanalı gəmidəki yanğın nəticəsində 34 nəfərin həlak olduğu barədə məlumat yaymışdı.