Putin Hindistanın Baş naziri ilə adada görüşdü

10:27 04-09-2019 770

Rusiya Prezidenti Vladimir Putin Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb.

Görüş Russki adasında, Uzaq Şərq Federal Universiteti ərazisində baş tutub. Həmin universitetin bazasında Şərq İqtisadi Forumunun (ŞİF) keçirildiyi bildirilir.

Liderlər salamlaşdıqdan sonra sahildə bir qədər söhbət edərək "Uraqan" kateri ilə "Zvezda" gəmiqayırma zavoduna yollanıblar.

Rusiyaya rəsmi səfərə gələn Modi forumda əsas qonaq qismində iştirak edəcək.

Görüşdən sonra Hindistanın Baş naziri "Twitter" səhifəsində rus dilində paylaşım edib.

"Dinamik regionun kəsişməsi olan Vladivostoka, Rusiyanın Uzaq Şərq paytaxtına gəlmişəm. Qısa, lakin əhəmiyyətli səfər zamanı müxtəlif tədbirlərdə iştirak etməyi səbirsizliklə gözləyirəm".