İrina Kindzerskaya: Ərim azərbaycanlıdır, onunla Ukraynada evlənmişəm

22:45 24-06-2019 942

Bu medal heç də az əhəmiyyət kəsb etmir. Çünki qarşıda Olimpiya Oyunları var. Bu medal Olimpiadada uğur qazanmaq üçün kiçik təkandır. Bir qədər hakimlik məni məyus etdi. Mübahisəli anlar vardı. Lakin sonradan anladım ki, istənilən medal mənim üçün vacib olmalıdır.

Bunu HerGun.Az-a açıqlamasında II Avropa Oyunlarında Azərbaycana 11-ci medalı qazandırmış cüdoçu İrina Kindzerskaya deyib.

O, yarımfinalda Belarus idmançısına məğlubiyyətini belə əlaqələndirib:

“Unutmayaq ki, biz Belarusdayıq. Bura təşkilatçı ölkədir. Son saniyələrdə səhvə yol verdim. Gələn dəfə belə səhvə yol verməyəcəyəm.

İndi mənim bütün diqqətim Olimpiadaya yönəlib. İlk növbədə dünya çempionatına, sonra isə Olimpiadaya hazırlaşmalıyam. İstəyirəm ki, bütün yarışlarda medal qazanım”.

İrina Kindzerskaya həmyerlisi olan ukraynalı Qalina Tarasovanı məğlub etməsi ilə bağlı verdiyimiz suala belə cavab verib:

“Həmyerlimə qalib gəlməklə bir daha güclü olduğumu göstərdim. Mən Ukraynadan yüskək rəqabət üzündən yox, ailə məsələlərinə görə ayrılmışam. Ərim azərbaycanlı, keçmiş idmançıdır, Ona Ukraynada ərə getmişəm. Sonra isə birgə Bakıya köçmüşük”.

Səbuhi MUSAYEV