Millimiz 3 il 10 ay sonra ilk qələbəsini qazandı

23:45 06-09-2019 562

21 yaşadək futbol millimiz (U-21) Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.

HerGun.Az xəbər verir ki, komandamız gözlənilənin əksi olaraq qrupda ilk qələbəsini qazanıb.

U-21 Slovakiyadan olan həmyaşıdlarını 2:1 hesabı ilə məğlub edib.

Komandamız 7-ci dəqiqədə Almaniyada oynayan legionerimiz Barış Əkinciərin qolu ilə hesabda önə keçib. Lakin fasilədən sonra daha yaxşı oynayan slovaklar 82-ci dəqiqədə Lubomir Tupta ilə bərabərlik qolunu vurub.

Bununla belə, U-21 yığmamız oyuna əlavə olunmuş dəqiqələrdə Barış Əkinciərin əks-hücum qolu ilə qələbə qazanıb.

Qrupun ilk oyununda Lixtenşteynə səfərdə 0:1 hesabı ilə uduzmaqla ciddi tənqid hədəfinə tuş gəlmiş serbiyalı Miloş Obradoviçin yetirmələri 3 il 10 ay (1389 gün) sonra ilk qələbəsini qazanıb.

Belə ki, sonuncu dəfə U-21 2015-ci il noyabrın 17-də Rusiya millisini 3:0 hesabı ilə məğlub edə bilmişdi.

Səbuhi Musayev