"Anka"nın Azərbaycan əsilli rəhbəri: Böyüyəndə babamın soyqırımı hekayələrinin həqiqət olduğunu öyrəndim

12:27 08-09-2019 373

Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Azərbaycan Rəqs və Sənət klubunun ("Anka") rəhbəri, Azərbaycan əsilli xoreoqraf Dərya Akdemir milli sənətimiz olan rəqslərimizi Türkiyə və xaricdə tanıdır. 

HerGun.Az Dərya Akdemirlə söhbəti təqdim edir:

- Dərya xanım, Türkiyədə milli rəqslərimizin tanıdılması və təbliğində rəhbəri olduğunuz "Anka" Azərbaycan Rəqs və Sənət klubunun rolu danılmazdır. İstərdik, əvvəlcə rəqsə maraq və sevginizdən danışasınız.

- Yeddi yaşından rəqslə məşğulam. Rəqs həyatımın ayrılmaz bir hissəsidir, Azərbaycana olan sevgimin bir ifadəsidir, desəm, yəqin ki, yerinə düşər. Uşaqlıqdan rəqsə olan sevgim nəticəsində Azərbaycan rəqsləri öyrətməyə başladım. Təbii ki, uşaq və gənclərin rəqslərimizə  marağı və sevgisini hər zaman hiss etmişəm.

Lakin təkcə bu fəaliyyət mənim üçün yetmirdi. Azərbaycan rəqslərini, milli irsimizi daha geniş auditoriyaya və dünyaya tanıtmaq istəyirdim. Odur ki, 2016-cı ildə "Anka" rəqs klubunu təşkil etdim. 

- "Anka" sözünün mənası nədir?  

- Çox adam "Anka"nın mənasını soruşur. Qeyd edim ki, "Anka" Anadolu və Qafqaz rəqsləri ifadəsinin qısaldılmış formasıdır. Bir də Anka quşu var, Azərbaycanda ona Simurğ quşu deyirlər. "Anka"nın qurulması bizə imkan verdi ki, Türkiyədə və xaricdə keçirilən beynəlxalq festival və mədəniyyət tədbirlərində yüksək səviyyədə Azərbaycanı təmsil edək. 

Uşaqlıq müəllimim olan Məmməd Persiani milli rəqsləri böyük həvəslə öyrədirdi. Onun sayəsində milli rəqslərimizi daha da çox sevdim, Azərbaycana olan tükənməz sevgim ikiqat artdı. 

- Sizin klubda Azərbaycanın milli rəqslərini öyrənmək istəyənlər çoxdur?

- Klubumuza gəlib rəqslərimizi öyrənmək istəyənlərin sayı daha da artır. Sözsüz ki, bu, məni çox sevindirir. Milli geyimlərimizi daha çox bəyənirlər. Rəqs edəndə deyirlər ki, qızlar şahzadəni xatırladır. 

Təkcə uşaqlar yox, böyüklər arasında da rəqs öyrənməyə həvəsi olanlar var. İstəyirik ki, gələcəkdə onlar üçün də bir qrup yaradaq. Məqsədimiz Türkiyə və Azərbaycan qardaşlığını və dostluğunu daha da inkişaf etdirmək, milli mədəniyyətimizi təbliğ etməkdir. Klubumuzda Türkiyə və Azərbaycan bayraqlarının qoşa asılması da bunu göstərir. 

- Bildiyimizə görə, babablarınız da Qarabağ bölgəsindəndir. 

- Bəli. Əslən Azərbaycan kökənliyəm. Hər zaman da bununla qürur duyuram. 1979-cu ildə Türkiyənin İğdır bölgəsində dünyaya göz açmışam. Dədələrim əslən Qarabağdan köçüblər. Ankarada yaşayıb fəaliyyət göstərirəm. 

Təxminən yüz il bundan əvvəl  ermənilər yerli əhaliyə qarşı soyqırım edəndə, bir çox ailələr kimi, mənim də babalarım doğma yurdlarından uzaq düşüb, İğdıra pənah gətiriblər. Təəssüf ki, tale orda da onların üzünə gülməyib.

Təkrar İğdırda da ermənilərin soyqırımını yaşamalı olublar. Müzəffər babam həmin hadisələrdə öz ailəsini itirib, uşaq ikən qaçaqaçda bacısından ayrı düşüb. Babam ömrü boyu bacısını axtardı, Naxçıvan sərhədini keçib ordan da soraqladı, İrana getdi. Ancaq "gördüm" deyən olmadı. 

Ömrünün sonuna qədər içində bir ümidlə yaşadı. Nəhayət, uzun sürən axtarışlardan sonra yaşlı vaxtında bacısına qovuşdu. On bir il bundan əvvəl babam bacısını tapıb görüşdü. Öyrəndik ki, onlar soyqırımı günlərində uşaq ikən Ağrıda bir-birindən ayrı düşüblər. Sonra bacısını qayanın dibində bir xeyirxah insan tapıb, onu öz qızı kimi böyüdüb. 

Bir sözlə, ermənilərin istər Qafqazda, istərsə də Anadoluda törətdiyi insanlığa qarşı soyqırımlar mənim kimi, bir çox ailələrin talelərinə təsir edib. Bu acı olaylar unduulmamalı, yetişən gənclik onlardan dərs almalıdır.

- Bakıya budəfəki səfərinizin məqsədi nədir?

- Azərbaycanı çox sevirəm. Bakıya tez-tez gəlirəm. Darıxıram bu şəhər üçün. Həm də burada olan dostlarla, yaradıcı insanlarla, həmkarlarımla görüşür, yaradıcılıqla, əməkdaşlıqlar barədə fikir mübadiləsi aparırıq. Söz düşəndə deyirəm ki, qəlbimdə iki vətənim var: Azərbaycan və Türkiyə. Hər dəfə gələndə ilk olaraq Şəhidlər xiyabanı, Fəxri Xiyaban və türk şəhidliyini ziyarət edirəm.  

Qarabağda vətənimizin bütövlüyü uğrunda şəhid olmuş övladlarımızın məzarlarını ziyarət edəndə istər-istəməz babalarımın acı həyatı, onların illər boyu Qarabağ həsrəti, yurd sevgisi yadıma düşür (kövrəlir). 

- Azərbaycanın milli rəqsələrini xaricdə təmsil edirsinizmi?

- İlboyu istər Türkiyə, istərsə də xaricdə festivallarda oluruq. Qeyd edim ki, bizim rəqslərimiz hər dəfə heyranlıqla qarşılanır, hətta elə olur ki, məni qucaqlayıb deyirlər ki, sən bizim vətən həsrətimizi azaltdın. 

Sözsüz ki, belə duyğulu anlar və yüksək təəssüratlar bizi daha da ruhlandırır. Bir daha əmin oluruq ki, "Anka"nın qarşısına qoyduğu missiya və məqsəd vacib və müqəddəsdir. 

- Milli rəqslərimiz Türkiyədə daha çox hansı özəlliklərinə görə sevilir?

- Azərbaycan rəqsləri öz incəliyi və zərifliyinə görə seçilir. Azərbaycan kişisinin şux qaməti, qızlarımızın incəliyi nağıl qəhrəmanlarını xatırladır. 

Hətta milli geyimli rəqqasələr deyirlər ki, biz milli geyimdə özümüzü şahzadə kimi hiss edirik. Səhnəyə çıxanda hər şeyi unuduram. Milli rəqslərimiz çoxdur, hərəsinin öz yeri var. Ancaq "Vağzalı", "Mirzeyi" rəqsi mənim daha çox xoşuma gəlir. Tanınmış bəstəkar Ələkbər Tağıyevin bəstəsi olan "Azərbaycan qızıyam" mahnısı da rəqs etdiyim bəstələrdəndir.  

Həmin mahnı əsasında olan rəqsə Azərbaycandan olan dəyərli, istedadlı xoreoqraf Şəhriyar Cəfərov quruluş verir. İstəyirik ki, həmin rəqsə klip çəkdirək. "Sarı gəlin" rəqsini xüsusi olaraq qeyd etmək istəyirəm. Bu rəqsi biz hər zaman ifa edirik. 

- Rəqs geyimlərini necə əldə edirsiniz?

- Rəqs kostyumlarını özüm hazırlayırıam. Dizaynını da, dərziliyini də özüm edirəm. Gündüzlər məşq və ya konsertdə oluram, əsasən, gecələr rəqs paltarları tikməyə vaxt ayırıram. Rəqslərimizin bəzəyi olan milli geyimlərə xüsusi diqqətlə yanaşıram. 

Milli geyimlərin orijinallığı, onların milli dizayn və ornamentləri mənim üçün çox önəmlidir. Bu geyimlər əsrlərdir, qorunaraq əmanət kimi dövrümüzə gəlib çatıb.  

- Məqsəd və hədəfləriniz nələrdir? 

- "Anka" Azərbaycan Rəqs və Sənət klubu yenə də müxtəlif beynəlxalq platformalarda və festivallarda milli rəqslərimizi tanıtmağa, Azərbaycan bayrağını dalğalandırmağa davam edəcək. Bayaq dediyim kimi, hazırda hekayələr üzərində işləyirəm. 

Ümid edirəm ki, "Qaçaqaç" silsiləli həmin hekayələr maraqla oxunacaq. İlk hekayəm işıq üzü gördükdən sonra bir çox insanlar mənə müraciətlər etdi. Sosial şəbəkə üzərindən bir sıra oxucular hekayəmin onlara çox təsir etdiyini, soyqırımı dövründə onların da kəndlərində yaxınlarının erməni soyqırımına məruz qaldığını yazdılar. 

Xahiş etdilər ki, bu hadisələri hekayə şəklində qələmə alım. Hekayələrin səsli versiyasını da hazırlamağı düşünürəm. Belə daha effektli olacağına inanıram. İnanıram ki, növbəti səfərlərimdən birində hekayələr kitabımı oxuculara təqdim edəcəyəm. 

- "Susdum" adlı şeirlər kitabınız işıq üzü görüb. 

- İlk dəfə yazdığım şeir də elə məktəb dövründə olub. Atatürkə şeir yazmışdım. Həmin şeir məktəbdə ən yaxşı şeir seçilmişdi. 2016-cı ildə "Susdum" adlı şeirlər kitabım işıq üzü görüb. Kitabda olan şeirlərim həm Türkiyə, həm də Azərbaycan türkcəsində oxuculara təqdim olunub. Hekayələrim də var. 

Onların özəlliyi odur ki, real hadisələrin əsasında yazılıb. Uşaq olanda dədəmdən, nənələrdən, yaşlı  qonşularımızdan ermənilərin günahsız insanlara, uşaq və qadınlara qarşı amansızlıqları, kəndləri yerlə-yeksan etmələri ilə bağlı eşitdiyim hadisələr mənə çox təsir edirdi. Babamdan həmişə xahiş edərdim ki, o barədə danışsın.  

O da hər dəfə yeni hadisələr danışardı. "Qaçaqaç" dedikləri dövrə aid bu acı hekayələrin böyüyəndə həqiqət olduğunu öyrəndim. Bunları hekayələr şəklində qələmə almağı qərara aldım. 

Yazar dostlarımdan biri Oktay Hacımusalı bu hekayələrin, həqiqətən, yazılmasının vacibliyini vurğuladı. Özüm də yazmaq ehtiyacı hiss edirdim. Çünki söhbət düşəndə babamın danışdıqları hadisələr bu gün də məni dərindən ağrıdır.  

"Güllük niyə küllük oldu?" adlı ilk hekayəm maraqla qarşılandı. Hekayədə İğdırın Güllük kəndinin amansızca yandırılması, kəndin adının soyqırımı hadisələrindən sonra Küllük olmasını təsvir etmişəm. Hazırda bu hekayələr üzərində işləyirəm. İstəyirəm ki, bizdən sonra gələn nəsil tariximizi daha yaxşı bilsin.

İlhamə Əbülfət