1716 nəfər əlil işlə təmin edildi

17:45 10-09-2019 352

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu ilin ötən dövründə 1716 nəfər əlilliyi olan şəxs müxtəlif idarə, müəssisə və təşkilatlarda münasib işlərlə təmin olunub. 

Nazirlikdən verilən məlumata görə, onların hər biri ilə əmək müqaviləsi bağlanaraq elektron sistemdə qeydiyyatdan keçirilməklə rəsmiləşdirilib.  

Eyni zamanda, əlilliyi olan şəxslərin kiçik sahibkarlığa çıxşına şərait yaradılması üçün onların özünüməşğulluq proqramına cəlb edilməsi işləri davam edir. Bu ilin ötən dövründə Xidməti tərəfindən artıq 1000-dək əlilliyi olan şəxs həmin proqrama cəlb edilib və proqram çərçivəsində müvafiq təlimlərdə iştirak edib.

Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasında onların peşə hazırlığının təşkili də mühüm rola malikdir. Cari ildə nazirliyin xətti ilə 205 nəfər (o cümlədən 176 nəfər üçün nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində, 29 nəfər üçün  Dövlət Məşğulluq Xidmətinin xətti ilə) peşə hazırlığı kursları təşkil edilib.