Varvarizm

14:09 13-09-2019 411

Ramin Musayev yazır...

Varvarizm bir dilin formalarına xas olmayan və həmin dilin təmizliyini pozan xarici söz, yaxud ifadədir.

90-cı illərə qədər hər bir sovet vətəndaşı rus dilini bilməli idi. O zamanlar Azərbaycan dilində danışanlara “çuşka” deyirdilər. Əslində, bu sözün mənası tam başqadır. “Çüşka” sözü rusca donuz balası deməkdir, çirkli, ətrafını zibilləyən, hərəkətini və danışığını bilməyən, mədəniyyətsiz adama deyilir. Amma bunun dilə heç bir aididiyyəti yoxdur. 

90-lardan sonra rus dilininin istifadəsi sürətlə endi, Azərbaycan dili əsas ünsiyyət vasitəsinə çevrildi. Elə o illərdə dünyaya açılandan sonra, əvvəl türk, daha sonra ingilis dilləri yayılmağa başladı. 

Xarici dil bilmək çox vacibdir, xüsusilə rus və ingilis dilləri. Birinci qonşu ölkələrdə yaşayan yarım milyard əhali ilə, ingilis dili isə qalan dünya ilə ünsiyyət üçün gərəklidir. Amma tez-tez sosial şəbəkələrdə xarici dil bilməyənləri başqa dillərdə yazılan statuslar və kommentlər qıcıqlandırır. Bəzən mənə də bunu irad tuturlar. 

Bloqumda iki dildə yazıram, azərbaycan və rus. Əlbəttə ki, doğma dilimizdə yazdıqlarım sırf yerli izləyicilər üçün, rusca isə MDB və digər ölkələrdə yaşayan rusdilli dostlarıma yönəlir. 

Orta və ali məktəbi Azərbaycan dilində, peşəkar bankçılıq təhsilimi İstanbulda türkcə alsam da, uşaqlıq illərindən kitabları rus dilində oxuyuram. Elə məhz onu da məktəbdə rus dili dəsrlərindən, mütaliə və ünsiyyət hesabına inkşaf etdirmişəm. Hər hansı bir dildə danışsam, çalışıram ki, onu saf şəkildə, heç bir xarici söz istifadə etmədən danışım. Özəlliklə təmiz azərbaycanca danışanda və yazanda ondan həzz alıram.

Amma gəlin, baxaq, ətrafımızda olanlar hansı dildə danışır. Elə bil ki, Azərbaycan dilində danışır, amma sözlərin yarısı rus sözlərindən ibarətdir. Bu sözlərin dilimizdə qarşılığı olsa da, yenə də rus dilindən feili götürüb, hələ bir arxasına da “eləmək” əlavə edirlər. Məsələn:

Əsəbiləşirəm - nervniçat eliyirəm
Həyəcanlanıram - perejivat eliyirəm
Ödəyirəm - platit eliyirəm
Sükandayam - zarulyomam
Dondurma - marojna
Soyuducu - xaladilnik 

Radioverilişlərdə ustalar belə avtomobil hissələrini rusca səsləndirirlər. Çünki azərbaycanca hissələrin adlarını bilmirlər, bilib desələr də, dinləyicilər anlamayacaq.

Marketinqlə bağlı konfranslarda natiqlərin çoxu, iki və ya üç dili (azərbaycan, rus və ingilis) bir birinə qarışdırıb çıxış edirlər. Halbuki bunu bir dildə etmək daha doğru olardı. 

Moskvaya səfərə edən iki qadının taksidə Azərbaycan dilində danışmaları haqqında lətifədəki kimi olur. Guya sürücü anlamasın deyə Azərbaycan dilində “Bu taksistin rojası nə protivnidi” deyir. Sürücünün reaksiyasından sonra da, “Aaa, bu rus bizim dili başa düşür ki!” deyə təəccüblənir.

Bir başqa problem. Sosial şəbəkələrdə tez-tez rast gəlirəm. Adamlar Azərbaycan dilində danışdıqları kimi yazırlar, özü də sözləri elə təhrif edirlər ki! Hələ vergül, nöqtə olmadan bütün cümlələri bir-birinin ardınca yazırlar. Oxuyanda isə nə dediyini anlamırsan. Əyləncəlisi isə odur ki, həmin şəxslər başqa dildə yazan və danışanları tənqid edir. Heç olmasa, doğma dilinizdə savadlı yazmağı öyrənin.

Hər bir azərbaycanlı doğma dilini bilməlidir, bu, bir aksiomadır (sübutsuz qəbul edilən fikir). Amma bununla yanaşı, xarici dilləri də öyrənmək vacibdir. Çünki həm xarici ölkələrə gedərkən səyahət rahat olar, həm ölkəmizə gələn qonaqlarla ünsiyyət yaratmaq sadələşər, ədəbiyyat və internetdə olan məlumatları oxuyaq imkanı yaranar. Təəsüflər olsun ki, dilimizdə ədəbiyyat qıtlığı var, internetdə isə məlumat yetərli deyil.

Xarici dillərin öyrənilməsində digər bir problem isə, kimsə xarici dildə səhvlərlə danışırsa, bizimkilər həmin şəxsi məsxərəyə qoyur və gülürlər. Bu da kompleks yaradır. Amma hər hansı amerikalı Azərbaycan dilində hansısa cümləni səhv desə də, alqışlayırlar. Fransızlar ingilis dilini sevmir, amma harasa daxil olub, “Bounjour” deyərək söhbətə başlasan və sonra necə gəldi fransızca sual versən, cavab da verəcək, kömək də edəcək. 

Bir çox millətlərdən fərqli olaraq, azərbaycanlılar xarici dil öyrənməyə meyillidir, daha yaxşı və sürətlə qavrayır. Bəs bundan niyə istifadə etmirik?