İl ərzində 1,5-2,7 milyon insan malyariya xəstəliyinin qurbanı olur

18:27 13-09-2019 404

Hər il orta hesabla dünyanın yüzdən çox ölkəsində 300-500 milyon insan malyariya xəstəliyinə yoluxur. İl ərzində 1,5-2,7 milyon insan bu xəstəliyin qurbanı olur.

Səhiyyə Nazirliyindən HerGun.Az-a verilən məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata görə, planet əhalisinin 41%-dən çoxu malyariyaya yoluxma riski altında yaşayır. İl ərzində 1,5-2,7 milyon insan bu xəstəliyin qurbanı olur.

Respublikada keçən əsrin 90-cı illərinin əvvəllərində məlum səbəblərdən sosial-siyasi vəziyyətin pisləşməsinin, 1 milyondan çox qaçqın və məcburi köçkünün olmasının və əhali arasında xaotik miqrasiyanın nəticəsində bu xəstəlik geniş miqyasda yayılaraq ölkə ərazisinin 80%-ni əhatə edib.

Epidemioloji vəziyyətlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə müvafiq olaraq Milli Proqram işlənib hazırlanıb. Bu proqramın müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində epidemiyanın genişlənməsinin qarşısı alınıb və ilbəil xəstələnmə səviyyəsi azalmağa başlayıb.

Aparılan məqsədyönlü kompleks əks-epidemik tədbirlər nəticəsində Azərbaycan Respublikasında malyariyanın eliminasiyasına nail olunub və 2013-cü ildən etibarən bu xəstəlikdən yerli yoluxma halları müşahidə edilməyib.

Malyariya ilə yerli yoluxmaların kəsilməsinə nail olmuş ölkələr, malyariyanın eliminasiyası barədə sertifikat alınması üçün Ümumdünya Səhiyyə Təşkilatına müraciət edirlər.

Malyariyadan azad ölkə kimi sertifikatlaşdırma prosesi, ciddi dövlət və beynəlxalq səviyyədə rezonansa səbəb olur. Bunun nəticəsi bilavasitə turizmin, biznesin, qarşılıqlı tələbə mübadiləsinin və bir çox digər sahələrin inkişafına iqtisadi cəhətdən öz təsirini göstərir.

Qeyd olunanları nəzərə alaraq malyariyanın eliminasiyasının sertifikatlaşdırılması üçün Səhiyyə Nazirliyi tərəfindən ÜST-ə müraciət edilib və müsbət rəy alınıb. Səhiyyə Nazirliyi tərəfindən artıq hazırlıq prosesinə başlanıb.

Sertifikasiya prosesinə hazırlığın təmin edilməsi və gələcəkdə Beynəlxalq Sertifikasiya Komissiyası ilə səmərəli əməkdaşlıq etmək məqsədilə aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət Sertifikasiya Komitəsi yaradılıb və bu gün onun birinci toplantısı keçirilib.

Könül Cəfərli