Bakı polisindən çağırış: “Yol qaydalarına əməl edin, əks təqdirdə...”

13:36 14-09-2019 352

Bakıda yollarda müşahidə olunan sosial-neqativ hallar, piyada keçidlərindən istifadə etmədən, “tələsirəm” deyib, öz həyatına, sürücülərin hüquqlarına ehtiyatsız yanaşmanın fəsadları cəmiyyətə məlumdur. Bu fəsadlara səbəb olan yol hərəkəti əleyhinə olan inzibati xətaların qarşısının alınması işinin gücləndirilməsi və maarifləndirmə hər bir hərəkət iştirakçısından da asılıdır.

Bu barədə HerGun.Az-a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, hər bir hərəkət iştirakçısı bilməlidir ki, ani ehtiyatsızlıq, etinasızlıq böyük faciələrə səbəb olur:

“Dəyərmi doğmalarımızın göz yaşına? Təhlükəsiz həyat naminə hər birimiz qaydalara əməl etməliyik ki, doğmalarımız gözü yaşlı qalmasın. Mütəmadi olaraq, statistikanı yayırıq ki, sürücü, piyada, bu qədər adam ölüb, bu qədər adam xəsarət alıb, diqqətli ol!”

E.Hacıyevin fikrincə, reallıqlar, açıq gerçəklər o həqiqətin göstəricisidir ki, dövlət nümayəndəsi – polis cəmiyyətə açıq çağırışlar edir:

“Yol qaydalarına əməl edin, əks təqdirdə...”

Qeyd edək ki, Bakıda xidmətin nümunəvi təşkili və aparılması, asayişin, əhalinin qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.

Aqşin Kərimov