Qusar sakini yararsız parçaları sənət əsərinə çevirir - FOTO

20:45 15-09-2019 1119

Qusar sakini istifadəyə yararsız parçalardan möhtəşəm əl işləri hazırlayır. 

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, rayonunun Gündüz Qala kənd sakini Saimət Nağıyeva qədim el sənəti sayılan “qurama“nı yaşadır.

S.Nağıyeva 14 ildir istifadəyə yararsız, müxtəlif rəngdə kiçik ölçüdə parça hissələrini birləşdirilməklə maraqlı əl işləri hazırlayır.

Əvvəlcə toxuculuqla məşğul olan S.Nağıyeva daha sonra “qurama“ya maraq göstərib. O, müxtəlif rəngli parçaları toplayır, onları kəsib üçbucaq formasına salır və tikmə işini həyata keçirir. Kiçik əl işinə təxminən 10 gün, böyük əl işlərinə isə bəzən iki ay vaxt sərf edir. 

S.Nağıyevanın ən böyük əl işi 30 rəngdə, üç minə yaxın kiçik parça hissələrindən ibarət olan, 60 gün vaxt sərf etdiyi sənət nümunəsidir.

Qədim el sənətini yaşadan gənc xanım balıqqulağı və müxtəlif materiallardan da istifadə etməklə nəfis, dekorativ, gözoxşayan əl işləri hazırlayır.