Ayı hücumlarının qarşısını necə almaq olar? - “Meşəyə giririk, sonra deyirik, ayı kəndə hücum edib”

14:27 16-09-2019 596

Son 10 gündə ölkə ərazisində, daha dəqiq desək, İsmayıllı və Qubada baş verən ayı hücumları insanları təşvişə salıb.

Hansı hallarda vəhşi heyvanlar kəndlərə üz tutur?

Məsələ ilə bağlı HerGun.Az-ın əməkdaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə ilə əlaqə saxlayıb. 

Onun sözləqinə görə, bu kimi halların qarşısının alınmasının dünyada yeganə yolu odur ki, meşə ərazilərinin yoxlanılmamış hissələrinə insanlar getməməlidir, öz mal-qarasını buraxmamalıdır: 

“Çox təəssüf ki, Azərbaycanda bu, baş alıb gedir. Bundan başqa, şəhərsalma qaydalarına riayət olunmalıdır. Bir kənd 20 il əvvəl 10 evdən ibarət idisə, bu gün burada 30 ev var. Heç kim soruşmur ki, bu müddətdə tikilən evlər harada yerləşir? Tikə-tikə kəndi böyüdüb meşənin daxilinə doğru gedirlər.

Hamı istəyir ki, meşənin içində evi olsun, naxırı meşənin qırağında otlasın. İnsanlar meyvə toplamağa, naxırı otarmağa gedəndə meşələrə üz tutur və bu zaman vəhşi heyvanların hücumuna məruz qalırlar”. 

Departament direktoru əlavə edib ki, dünyada bu cür hallar xarakterikdir.

“Rumıniyada, Rusiyada, Slovakiyada bu il 100-dən çox ayı hücumu olub. Ölkəmizdə qeydə alınan iki hadisə adi haldır. 

Bunun da qarşısını almaq üçün insanlar qaydalara riayət etməlidir. Meşəyə gedəndə yoxlanılmış əraziləri gəzmək lazımdır. Milli park ərazilərinə xüsusi turist marşrutu var”, - o qeyd edib. 

H.Əlizadə deyib ki, çox nadir hallarda ayı, canavar insana hücum edir: 

“Bu, yalnız quduzluq halında və çox uzun müddət ac qalanda baş verə bilər. Çox nadir hallarda ayı, canavar qəsəbəyə, kəndə girir. Bizə kəndi böyüdüb meşəyə giririk, sonra deyirik, ayı kəndə girdi. 

Meşəlik ərazidə yaşayan insanlarımız bilməlidir ki, onların qonşusu Məmməd, Əhməd deyil, ayı, canavar, tülküdür. Həmişə ehtiyatlı olmalıdırlar”. 

Samir İsayev