Ekspert: Boltonun qəddarlığı Trampa Rusiya ilə razılaşmağa mane olurdu - MÜSAHİBƏ

16:45 17-09-2019 18

HerGun.Az-ın politoloq, hüquq elmləri doktoru, beynəlxalq münasibətlər üzrə ekspert Mixail Finkel ilə müsahibəsi:

- Ötən həftə beynəlxalq gündəmi zəbt edən məsələlədən biri ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu tutduğu vəzifədən azad etməsi oldu. Trampın bu addımının səbəbi nə idi?

- Trampın Con Boltonu istefaya göndərməsi dünya ictiamiyyətində şok effekti yaratdı. Bolton qəddarlığı ilə məşhur idi. Keçmiş müşavirin İranla barışmaz mövqeyi, Rusiyaya qarşı qəddarlığı, “HƏMAS”, “Fələstin İslam Cihadı” kimi terror təşkilatlarına qarşı mövqeyi məlumdur.
Bolton həm də Çinə qarşı sərt siyasət və tarif müharibəsinin tərəfdarı idi.

Amma bunu faciəyə çevirmək olmaz. Bunun bir neçə səbəbi var. Birincisi, Tramp həm ABŞ-ın daxili siyasətində, həm də beynəlxalq məsələlərdə strategiya və taktikasını özü seçən liderdir.

Trampa daha çox təsiri qızı İvanka, ailəsi və kürəkəni (eyni zamanda, baş müşaviri) Cared Kuşner göstərə bilər. Eyni zamanda, ABŞ-ın İsraildəki səfiri Devid Fridman, Ağ Evin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Ceyson Qrinblatt və Trampın yaxın çevrəsindəki bəzi şəxslər də ABŞ prezidentinə təsir edə bilər.

Trampın Boltonla hansı problemlərinin olması bu gün bir çoxunu düşündürür. Məsələ burasındadır ki, son dörd ay ərzində Bolton mövqeyini ciddi-cəhdlə müdafiə edir, prezidentə güclü təzyiq göstərirdi. Amma Trampın sülh göyərçininə çevriləcəyini və İranla münasibətlərdə güzəştə gedəcəyini gözləmək olmaz.

Bəziləri isə düşünə bilər ki, Boltonun əvəz edilməsi Trampın İranın nüvə problemi ilə bağlı müharibə ritorikasını sülhə və Ruhani ilə danışıqlara dəyişdiyi mənasına gəlir. Şayiələrə görə isə ABŞ və İran prezidentləri danışıqlar aparacaqlar. Amma bu halda da nəzərə almaq lazımdır ki, Ruhani Ayətulla Xameneinin “adamı”dır.

Vaşinqtonun anti-Rusiya sanksiyalarını ləğv edəcəyini, Tehranın müxtəlif Qərb layihələrindəki aktivlərini dondurmaqdan əl çəkəcəyini düşünmək sadəlövhlük olardı. 

Düşünürəm ki, Tramp, sadəcə, Boltonun davranışını bəyənmədi. Çox güman ki, uzunmüddətli perspektivdə onlar bir çox məsələyə eyni baxış bucağından baxırdılar. Yəqin ki, Boltonun yaxın perspektivə baxış bucağı, prezidenti taktiki məsələlərdə razı salma üsulu Trampın xoşuna gəlməyib.

Unutmaq lazım deyil ki, Trampın işdən azad edilən müşaviri Rusiyaya qarşı çox sərt münasibət göstərirdi və prezidentə Moskva ilə qarşılıqlı münasibətləri daha da sərtləşdirməyi təklif edirdi. Onsuz da bu gün Vaşinqtonla Moskva arasında münasibətlər o qədər də yaxşı deyil.

Söhbət Vaşinqtonun sanksiya siyasətindən, Ukrayna problemindən, Rusiyanı Malayziyanın qəzaya uğrayan təyyarəsinə hücumda ittiham etməkdən və digər ittihamlardan gedir. Bəli, Bolton Rusiya ilə sərt münasibətə nail oldu. O, hər yerdə sərt olub.

Keçmiş müşavirindən fərqli olaraq, Tramp dərk edir ki, Moskva ilə normal, hörmətlə danışmaq lazımdır. Tramp həm də anlayır ki, Kremllə münasibətlərdə sanksiya siyasəti, “soyuq müharibə” ilə qorxutma cəhdləri səhv yoldur. Bu səbəbdən bir sıra ciddi ekspert və analitiklərin fikrinə əsasən, Trampla Bolton arasındakı anlaşılmazlıq, əsasən, İran yox, Rusiya məsələsindən qaynaqlanır.

Mən ABŞ-ın Tehran siyasətində heç bir dəyişiklik görmürəm. Bu gün Tramp Administrasiyasının Yaxın Şərqdəki ən vacib müttəfiqi İsraildir. Onun ən yaxın dostu İsrailin Baş naziri Binyamin Netanyahudur. İsrailin “Mossad” kəşfiyyat idarəsi Tehranın uranın zənginləşdirilməsinə dair vacib məlumatları Vaşinqtonla bölüşür.

- Tramp həm də “Taliban”la gizli danışıqları dayandırdı, ABŞ hərbi kontingentini Əfqanıstandan çıxarmaq məsələsində fikrini dəyişdi. Bütün bunlar ABŞ-ın regiondakı siyasətinə necə təsir edəcək?

- Trampın “Taliban”la danışıqları bir neçə gün əvvəl Əfqanıstanda baş verən terror aktına görə dayandırıldı. Amma danışıqlar vaxtı heç bir aktivliyin müşahidə edilməyəcəyinə dair razılaşma var idi. Terror aktı insan tələfatına səbəb oldu. Nəticədə, Tramp “Taliban”la danışıqları dondurduğunu bəyan etdi.

Kabilə qarşı münasibətdə ABŞ siyasətinin necə olacağını proqnozlaşdırmaq çox çətindir.

Bir tərəfdən, ABŞ hərbi kontingentinin Əfqanıstanda mövcudluğu Vaşinqtona çox baha başa gəlir. Buraya şəxsi heyət arasında ölüm halları və böyük maddi xərcləri də əlavə etmək lazımdır. Digər tərəfdən isə, Kabildə mövcud olmaq Ağ Evə sərf edir.

ABŞ regiondakı bir sıra məsələlərə nəzarət edir, aktiv kəşfiyyat fəaliyyəti aparır. Necə deyərlər, Vaşinqtonun bir ayağı Əfqanıstanda, digər ayağı isə Pakistandadır. Buradan Birləşmiş Ştatlar keçmiş sovet respublikalarında baş verənləri müşahidə edir.

Bundan əlavə, ABŞ-ın superdövlət statusunu itirməmə arzusu, bu status üçün bütün dünya ölkələrində hərbi bazaya sahib olmaq, digər ölkələrə nəzarət etmək, müttəfiqlərinə yardım etmək, rəqibləri zəiflətmək və məhv etmək də bu regiondan daha asandır.

Bu səbəbdən amerikalıların müəyyən vaxt Əfqanıstanda qalması mümkündür. Hazırda onların Əfqanıstanı tərk edəcəkləri barədə məlumat yoxdur. Eyni zamanda, nəzərə almaq lazımdır ki, sonuncu terror aktında amerikalı hərbçi də ölüb.

“Taliban” bununla da Vaşinqtona “şillə vurdu”. Qarşılıqlı zərbələr arta bilər. İstənilən halda, ABŞ hərbi kontingentinin Əfqanıstanı tərk etməkdənsə, regionda qalmaq üçün səbəbi daha çoxdur.

Rasim Babayev