“Sevilya”nın prezidenti: “Qarabağ” “Atletiko”nun Çempionlar Liqasını tərk etməsində “günahkardır”

13:09 18-09-2019 430

Bu gün biz Avropa Liqasında yeni mövsümə başlayırıq. Ümid edirik ki, bu turnirdə mümkün qədər çox irəli gedəcəyik. Bəllidir ki, “Portu”, “Arsenal”, “Roma” və ya “Mançester Yunayted” kimi rəqiblərlə növbəti mərhələlərdə qarşılaşa bilərik.

HerGun.Az xəbər verir ki, bunu “Sevilya”nın prezidenti Xose Kastro Bakıda qaldığı hoteldə ispan jurnalistlərə müsahibəsində deyib.

İspaniya La Liqasının lideri olan “Sevilya”nın rəhbəri bazar günü Madrid “Real”ı ilə oyundan çox “Qarabağ”la matçı düşündüyünü bildirib:

“Biz maksimum nəticə qazanmağa borcluyuq. Çünki biz çoxlu titullar qazanmış “Sevilya”yıq. Ancaq siz də yarışın çətinliyini və yerdə öz ayaqların üzərində dayanmağın heç də asan olmadığını başa düşməlisiniz. Mən “Qarabağ”dan başqa komanda barədə düşünmürəm. “Real”la oyuna hətta bir neçə gün qalsa belə”.

Daha sonra o, “Qarabağ”a zəif rəqib gözündə baxmadıqlarını və sabahkı oyunda ehtiyat heyətdən bəzi futbolçuların meydanda ola biləcəyini vurğulayıb:

“Onlar Azərbaycanın lider komandasıdır. Bu komanda bir neçə il əvvəl Çempionlar Liqasında “Atletiko”nun həmin yarışı tərk etməsində “günahkar olub”. Biz onlara hörmətlə yanaşmalıyıq. Üstəlik, biz onların stadionunda oynayırıq. Çünki öz azarkeşləri qarşısında oynamaq bütün komandalara əlavə üstünlük verir. 

Uzun marafondayıq. Baş məşqçinin rotasiya etməsi istisna deyil. Çünki indi biz hər üç gündən bir oynayırıq. Baş məşqçi bütün futbolçulara oynamaq imkanı yaratmağı planlaşdırır”.

Xatırladaq ki, Avropa Liqasının qrup mərhələsinin ilk turunun “Qarabağ” – “Sevilya” matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 20:55-də başlayacaq. 

Səbuhi Musayev