Ermənistanda vəzifəli şəxslərin istefası davam edəcək - ŞƏRH

15:09 18-09-2019 510

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyanın vəzifəsindən istefa verib.

Ardınca isə Ermənistan Polisinin rəisi Valeri Osipyan tutduğu vəzifədən ayrılması barədə istefa ərizəsini təqdim edib.

Ermənistan mətbuatının yazdığına görə, Müdafiə naziri David Tonoyan da tutduğu postdan gedəcək.

Güc strukturları rəhbərlərinin istefa səbəblərini HerGun.Az-a şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov  deyib ki, müxalif qüvvələrin Ermənistan hökumətinə kifayət qədər təsiri var.

Onun sözlərinə görə, həm müxalif, həm də hökumətdəki bəzi qüvvələr Ermənistanın Baş naziri Nikol Paşinyanın daxili və xarici siyasətinin əleyhinədirlər.

“Nikol Paşinyanın hakimiyyətə gəldiyi zaman verdiyi vədləri reallaşmayıb. Ermənistanın vəzifəli şəxsləri də müəyyən şəkildə buna öz narazılığını bildirirlər. Ermənistanda vəzifəli şəxslərin ard-arda istefası onu göstərir ki, Paşinyan komandasını formalaşdıra bilməyib”.

Ş.Ramaldanov əlavə edib ki, Ermənistan hökumətində komanda formalaşmamış vəzifəli şəxslər N.Paşinyanı tərk edirlər.

Ş.Ramaldanov istefalara səbəb olan digər amilə də diqqət çəkib.

“İstefaların digər səbəbi Ermənistanda olan iqtisadi-siyasi böhran, sosial gərginliklə bağlıdır. Düşünürəm ki, istefalar həm də “Qarabağ klanı”nın təsiri ilə əlaqədardır.

Ermənistanın geosiyasi arenada nüfuzu da getdikcə aşağı düşür. Eyni zamanda, Yerevanın müttəfiqləri ilə gərginliyi hökumət daxilində problem yaradıb. Hesab edirəm ki, Ermənistanda yüksək vəzifəli şəxslərin istefası davam edəcək”, - deyə Ş.Ramaldanov əlavə edib.

Aqşin Kərimov