Bakıda 2 avtomobil toqquşub: ölən və yaralananlar var - FOTO

00:45 20-09-2019 1004

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

HerGun.Az xəbər verir ki, hadisə Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. 

Belə ki, 75 yaşlı Fəttahov Hidayət Seyidmiri oğlu idarə etdiyi "VAZ 2106" markalı avtomobili ilə köməkçi yoldan qəfil Mehdi Hüseynzadə küçəsinə çıxıb.

Yüksək sürətlə gələn "Mercedes" markalı avtomobilin sürücüsü, 39 yaşlı Həsənov Rafiq Tolik oğlu idarəetməni itirərək "VAZ 2106"-ya çırpılıb.

Zərbənin gücündən "VAZ 2106"-nın sürücüsü H.Fəttahov hadisə yerində keçinib. "Mercedes" isə evin daş hasarına dəyib. 

Xəsarət alanlar - "Mercedes"-in sürücüsü R.Həsənov və "VAZ 2106"-da olan sərnişin, H.Fəttahovun həyat yoldaşı, 1948-ci il təvəllüdlü Fəttahova Ətiyyə Nuhbala qızı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu