Putin Paşinyana yerini göstərir - ŞƏRH

01:09 20-09-2019 480

Rusiya Prezidentinin Ermənistanın Baş naziri Nikol Paşinyana etibar edib-etmədiyi haqqında dəqiq nəsə deyə bilmərəm. Ancaq bir məsələ hamıya aydındır ki, iki ölkə arasında münasibətlər beynəlxalq hüququn iki subyekti və dövləti arasında bərabər hüquqlu münasibətlərə əsaslanmır. Bu vassal və ağa münasibətləridir.

Bunu HerGun.Az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqov deyib.

O deyib ki, Ermənistan son 28 ildə yeritdiyi xarici siyasəti ilə özünü vassal vəziyyətinə salıb.

“Paşinyan müəyyən gündəliklə, eyni zamanda xarici siyasətlə bağlı yenilik vədləri ilə hakimiyyətə gəlib. Zaman keçir, ancaq elə bu ölkənin siyasəti ilə formalaşmış paradiqmalardan çıxa bilmir. Bu yaxınlarda xaricdə tədbirlərdən birində bir erməni ekspert Ermənistan-Rusiya münasibətlərini təsvir etdi. O, Ermənistanı suyun altında olan sualtı qayığa bənzətdi. Dedi ki, çıxmağa çalışsa boğulacaq”,-deyə F.Çıraqov bildirib.

Politoloq vurğulayıb ki, N.Paşinyanın verdiyi vədləri yerinə yetirməsi alınmır.

F.Çıraqov bunun səbəblərindən də söz açıb.

“Paşinyanın ətrafındakı qüvvələr təzyiq edir. Belə bir məqamda isə Paşinyana maliyyə lazımdır. Bunun üçün Qərbə yaxınlaşmaq vacibdir. Beləcə qapalı bir dövrə əmələ gəlib. Rusiya Prezidentinin Ermənistanın eks-prezidenti Robert Koçaryanı ad günü münasibəti ilə təbrik etməsi Paşinyana mesajdır. Eyni zamanda  Rusiya lideri Vladimir Putinin Yerevana gözlənilən səfəri zamanı Paşinyanla görüşməyəcəyi kimi xəbərlər Ermənistan Baş nazirinə onun yerini göstərməsidir”.

Qeyd edək ki, bu ilin sentyabrın 30-u, oktyabrın 1-də Yerevanda Avrasiya İqtisadi Birliyinin Ali Şurasının, yəni birliyə üzv olan ölkələrin dövlət və hökumət başçılarının toplantısı planlaşdırılır.

Ermənistan mətbuatı isə yazıb ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə saatlıq Ermənistana gedəcək.

Bildirilir ki, o, Yerevanda qalmaq niyyətində deyil və yalnız Avrasiya İqtisadi İttifaqının toplantısına qatılacaq. Bundan sonra isə Ermənistanı tərk edəcək. 

 “Ermənistan tərəfi ikitərəfli görüşlə bağlı xahiş etsələr də, Rusiya tərəfi Baş nazir Nikol Paşinyanın bu istəyini rədd edib”, - deyə məlumatda qeyd olunub. 

Aqşin Kərimov