Millət vəkili: Məhkəmə-hüquq sistemində aparılan islahatlar intensivliyi ilə seçilir

18:09 26-06-2019 787

Məhkəmə sistemində aparılan islahatlar bu sahədə şəffaflığın artırılmasına və insanların hüquq sisteminə inamının möhkəmlənməsinə xidmət edəcək.

Bunu HerGun.Az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Quliyev son islahatlara toxunarkən deyib.

Deputatın sözlərinə görə, islahatlar məhkəmə-hüquq sistemində tam ədalətli, keyfiyyətli mühakimələrin aparılmasına, eləcə də çevikliyin təmin olunmasında ciddi irəliləyişlərə səbəb olacaq:

“Məhkəmə-hüquq sistemində aparılan islahatlar özünün intensivliyi ilə seçilir. Bu ilin aprelində cənab Prezident Azərbaycanda məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında ayrıca fərman imzaladı. Həmçinin cəzaların humanistləşdirilməsi istiqamətində addımlar atılır, bu da kifayət qədər müsbət nəticələr verir”.

A.Quliyev “Elektron məhkəmə” sisteminin tətbiqinin əhəmiyyətindən də danışıb:

“Məhkəmə qərarlarının bir hissəsinin internet resurslarında yerləşdirilməsi, vəkillər və onların fəaliyyəti ilə bağlı bir sıra məqamlara aydınlıq gətirilməsi, yeniliklərin tətbiqi ölkədə məhkəmə sisteminin xeyli təkmilləşməsinə yardım edəcək. Etiraf edək ki, bu gün məhkəmə-hüquq sistemində bir sıra problemlər var. Təbii ki, bu da bəzən insanların məhkəmə sisteminə olan inamının sarsılmasına gətirib çıxarır. Lakin qeyd edilən məqamlarda şəffaflığın yaradılması məhkəmə sisteminə inamın bərpa olunmasına xidmət edəcək”.

Deputat islahatlar nəticəsində yeni tipli məhkəmələrin yaradılacağına da diqqət çəkib:

“Bildiyimiz kimi, ölkədə aparılan iqtisadi islahatlar fonunda ayrıca kommersiya məhkəmələrinin yaradılması gözlənilir. Ümumiyyətlə, məhkəmə sahəsində mübahisəli məsələlərin keyfiyyətlə və ədalətli həll edilməsi bütövlükdə iqtisadiyyatın inkişafı üçün mühüm şərtlərdən biridir”.