APOEL azarkeşləri üçün Bakıya səfər paketini açıqladı

11:09 27-09-2019 453

Kiprin APOEL klubu azarkeşləri üçün Bakı və Lüksemburqa getmək üçün səfər paketini açıqlayıb.

HerGun.Az xəbər verir ki, komanda 23 oktyabrda Bakıya yola düşəcək.

Bunun üçün saat 10:00-da Larnaka – Bakı reysi ilə uçuş reallaşdırılacaq. Bakı vaxtı ilə saat 13:30-da Kipr komandası Heydər Əliyev Hava Limanında olacaq.

Azarkeşlər üçün bu səfər xərcinə daxildir: aviabilet, Azərbaycana viza, aeroport vergiləri, hoteldə yerləşməklə səhər yeməyi, hava limanından hotelə transfer, yarış günü stadiona, oradan da hava limanına yola salınma.

Bura futbol matçına bilet daxil deyil. Komanda azarkeşləri üçün “Park Inn by Radisson Baku Hotel”ini təklif edir. Burada ikinəfərlik nömrə 600, birnəfərlik isə 690 avroya başa gələcək. Maraq üçün qeyd edək ki, kiprli azarkeşlər Lüksemburqda bundan daha artıq xərcə düşəcək.

Belə ki, azarkeşlər “ibis Luxembourg Aeroport Hotel”ində 700 avro (ikinəfərlik) ilə 790 avro (birnəfərlik) və “Novotel Luxembourg Centre Hotel”də 890 avro (ikinəfərlik) ilə 1120 avro (birnəfərlik) arasında seçim etməli olacaq.

Nikosiya komandası oktyabrın 25-i saat 01:45-də Bakı – Larnaka reysi ilə Kiprə qayıdacaq.

Qeyd edək ki, “Qarabağ” – APOEL matçı oktyabrın 24-də baş tutacaq. Görüş saat 20:55-də başlayacaq. 

Səbuhi Musayev