WAKO prezidenti Bakıda: Digər qurumlar ciblərini güdür

13:18 27-09-2019 1263

Yeni prezident kimi müvafiq strategiya üzərində işləməyə və Azərbaycan kimi bəzi ölkələrdə kikboksinqin inkişaf etdirilməsinə çalışıram. Azərbaycan Kikboksinq Federasiyası bu bölgədə ən güclü qurumdur. İstəyirik ki, Azərbaycan bu regionda kikboksinqin mərkəzinə çevrilsin.

HerGun.Az xəbər verir ki, bunu Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Roy Beyker deyib.

WAKO-nun prezidenti Roy Beyker, vitse-prezidenti Salim Kaycı və Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevin iştirakı ilə Gənclər və İdman Nazirliyində mətbuat konfransı keçirilib.

Beyker bildirib ki, kikboksinq Avropa Oyunlarına salına bilər:

“Biz hazırda 2023-cü ildəki Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarının proqramına salınmasına çalışırıq. Düşünürəm ki, bu yöndə müsbət nəticə əldə olunacaq”.

Dünya və Avropa çempionatları Azərbaycanda keçirilə bilərmi? Bu suala qonaq belə cavab verib:

“2023 və 2024-cü illər dünya və Avropa çempionatları üçün hələ ev sahibləri müəyyənləşməyib. Noyabradək ərizələrin qəbulu davam edəcək. Azərbaycanın idman ölkəsi kimi yeni infrastruktura malik olduğunu görürəm.

Yeni stadion, yeni hotellərə maliksiniz. Çox istərdik ki, Azərbaycan da belə yarışlardan birini keçirsin. Sonuncu belə yarış Azərbaycanda doqquz il əvvəl baş tutub.

WAKO yeganə qurumdur ki, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınır. Təəssüf ki, cüdo, taekvondo, karate, boks, ciu-citsu kimi kikboksinqdə də dırnaqarası beynəlxalq qurumlar var. Amma buradan media vasitəsilə çatdırmaq istəyirəm ki, idmançılar belə qurumlarla əməkdaşlıq etməsin. Çünki bu qurumların Ümumdünya Antidopinq Agentliyi ilə heç bir əlaqəsi yoxdur. Digər qurumlar öz ciblərini güdür”.

Səbuhi Musayev