Bal kimi yarmarka - FOTOREPORTAJ

13:45 28-09-2019 490

Bu gün Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasının açılış mərasimi baş tutub. 

HerGun.Az-ın məlumatına görə, yarmarkada 37 rayon üzrə 321 iştirakçı qeydiyyata alınıb.

Hər arıçıya 400 kq arıçılıq məhsulu çıxarılmasına icazə verilib.

Ümumilikdə, qeydiyyatı təsdiqlənmiş 347 arıçıdan 321 nəfəri məhsullarını anbara təhvil verib. 25 nəfər isə qeydiyyatı təsdiqlənməsinə baxmayaraq, yarmarkada iştirak üçün məhsullarını təqdim etməyib. Anbara təhvil verilən balın ümumi həcmi 123 tondur. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. 

3241 nümunə götürülüb ki, onların da 562-si, başqa sözlə, 17,34 faizi keyfiyyət və qida təhlükəsizliyi göstəricilərinə uyğun hesab edilməyib.

Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar satışa buraxılmayacaq və yarmarkanın sonuna qədər “Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında karantin şəraitində saxlanılacaq.

Yarmarkanın açılış mərasimində Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov çıxış edib.

O bildirib ki, aqrar sektorun inkişafında arıçılığın özünəməxsus yeri var:

“Son iki ildə arıçılıq sahəsində mühüm yeniliklər olub. Arı ailələrinin sayı beş yüz üç minə çatıb. Ötən il 5-6 ton bal ixrac edilib. İndi balın ixracı səkkiz tondan çox olub və ixrac coğrafiyası genişlənib. Əvvəllər biz qonşu ölkələrə və Yaponiyaya məhsul ixrac edirdiksə, artıq Körfəz ölkələrinə də arıçılıq məhsulları ixrac olunur. Bu məhsulun ixrac coğrafiyasını genişləndirə bilərik”.

S.Talıbov qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi ölkəyə balın idxalını qadağa qoyulması ilə bağlı təklifi araşdırır:

“Müvafiq qurumlarla birgə bu istiqamətdə ciddi araşdırmalar aparılır”.

Qeyd edək ki, Azərbaycan Arıçılar Assosiasiyası ölkəyə balın idxalını qadağan edilməsi ilə bağlı təkliflə çıxış edib. 

Yarmarkada balın qiymətini arıçılar özləri müəyyənləşdirir. Balın qiyməti növünə görə 25-60 manat civarında dəyişir. 

Bal yarmarkasından fotoreportajı təqdim edirik:

İlhamə Əbülfət
FOTO: Ramil Zeynalov