Səbinə və dəstəsi tərəfindən evi soyulan müğənni: Açarı vermişdim, surətini çıxarıb

13:36 30-09-2019 384

Saat 19:00-21:00 radələrində ailə məclisinə getdik. İki saat ərzində evdə heç kəs olmayıb. Qapı qonşum mənzilimə girərək seyfi oğurlayıb. Vaxt olub ki, biz açarı qonşuya vermişik. O da bundan istifadə edib, açarın surətini çıxarıb və bu yolla mənzilə daxil olub. Ağlımın ucundan belə keçməzdi ki, oğurluğu qapı qonşum edər. Xəbər tutanda şoka düşdüm.

Bu sözləri dəstə üzvləri tərəfindən mənzili qarət olunan “FM Express” estrada qrupunun banisi və solisti Fuad Musayev HerGun.Az-ın əməkdaşı ilə söhbətində dilə gətirib.

O, hələ də oğurlanan 1800 dollar pulun geri qaytarılmadığını bildirib.

“Oğurluq edən qonşumun anası gəlib məndən üzr istəməyib. Elə bil ki, mən onların evlərini soymuşam. Yəqin, utandığından gəlmir. Mənzilimdə it də var. Amma qonşunu tanıdığından ona heç bir reasiya verməyib. Çünki it onu yaxşı tanıyır.

Qonşum evə girib, iti hamama kilidləyib. Daha sonra isə dəstənin digər üzvləri mənzilə daxil olub. Heç istəməzdim ki, bu cür hadisə ilə mətbuat məndən yazsın və gündəmə gəlim. Amma bu cür hadisədən heç kəs sığortalanmayıb”.

Qeyd edək ki, Bakı sakini F.Musayevin yaşadığı evdən içərisində 1800 ABŞ dollar olan seyf naməlum şəraitdə oğurlanıb.

Səbail RPİ və 8-ci Polis Bölməsi əməkdaşları tərəfindən qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Kənan Nəcəfov, Ceyhun Cəbiyev və Səbinə Atakişiyeva saxlanılıblar. 

Müəyyən edilib ki, dəstə üzvü olan S.Atakişiyeva zərərçəkmiş şəxslə qonşudur. O, həmin mənzilin açarlarını ələ keçirəndən sonra digər dəstə üzvləri ilə birgə oğurluq edib. Əvvəlcə mənzilin qapısını açan S.Atakişiyeva evdə olan iti səs-küy salmaması üçün hamam otağına salıb. Daha sonra digərləri mənzili axtarmağa başlayıblar.

Dəstə üzvləri seyfi ələ keçirəndən sonra S.Atakişiyevanın evində açaraq pulu aralarında bölüblər. C.Cəbiyev isə sındırılan seyfi Hökməli qəsəbəsinə apararaq izi itirmək məqsədilə orada qazaraq basdırıb. 

Rəşad Əliyev