Teymur Rəcəbovu gözləyən “Armageddon” : Qaydalar nə deyir?

17:45 03-10-2019 579

Məlum olduğu kimi, Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dünya Kubokunun finalında qalibi müəyyənləşdirmək üçün Dinq Lijenlə tay-brekə çıxacaq. Bəs bu həlledici görüş necə keçiriləcək?

HerGun.Az həmin görüşün keçirilmə qaydasını təqdim edir:

Əvvəlki dörd partiyanın nəticəsinə görə ümumi hesab 2:2 olduğundan, şahmatçılar sabah “rapid” adlanan 25 dəqiqəlik iki partiya keçirəcək. Burda şahmatçılar hər gedişə görə 10 saniyə vaxt udacaq.

Burda da qalib müəyyənləşməsə, “blits” adlanan 10 dəqiqəlik iki partiya baş tutacaq. Burda da hər gediş üçün şahmatçılara əlavə 10 saniyə veriləcək. Yenə qalib müəyyənləşməzsə, bundan sonra hər gedişə 3 saniyə verilmək şərtiylə 5 dəqiqəlik iki blits partiyaya müraciət ediləcək.

Əgər burda da qalibi müəyyənləşdirmək mümkün olmazsa, şahmatda “armaqedon” (Armageddon) adlanan həlledici partiya keçiriləcək. Burda ağ fiqurlarla oynayan şahmatçı 5, qaralarla çıxış edən 4 dəqiqəlik mübarizə aparacaq. 61-ci gedişədək görüş uzanarsa, şahmatçıların vaxtına hər gedişə görə 2 saniyə əlavə olunacaq. Burda qaralarla oynayan şahmatçı heç-heçə edəcəyi halda, qalib o elan ediləcək.

Qeyd edək ki, tay-breyk sabah Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Qalib 110 min, məğlub 80 min dollar qazanacaq.

Səbuhi Musayev