“Qarabağ”ın türkiyəli rəsmisi: Bu, böyük tərbiyəsizlik, böyük ayıbdır - MÜSAHİBƏ

13:36 05-10-2019 443

“Qarabağ”ın türkiyəli icraçı direktoru Əmrah Çəlikəlin HerGun.Az saytına müsahibəsi:

– “Qarabağ”ın Lüksemburq səfərində “F91 Düdelanj” üzərində 4:1 hesablı qələbəsi ilə komandamız qrupda II sıraya qalxdı. Demək olarmı ki, artıq komandamızın bu qrupdan çıxmaq şansları real görünür?

– İndidən bu barədə danışmaq düzgün olmaz. Bu, sadəcə, üç xaldır. Hətta bu onu göstərdi ki, biz ayaqlarımızı yerə basmaqda daha da diqqətli olmalıyıq. İnşallah, ən sonda buna sevinərik.

– APOEL üzərində səfərdə qalib gəlmiş komandaya öz yerində dörd qol vura bildiniz. Gözlədiyinizdən daha asan qələbə olmadı ki?

– Buna görə Qurban müəllimə və futbolçulara “sağ ol” demək lazımdır. Amma asan qələbə olmur. Özünüz də bilirsiniz ki, təxribata görə orada çox böyük təzyiq altında idik. Allaha şükür ki, üzümüz ağ, başımız dik Lüksemburqu tərk etdik.

– Kiprdə belə bir hadisə ilə üzləşəcəyimizi gözləyərdik. Bəs Lüksemburqda erməni təxribatı ilə üzləşəcəyinizi gözləyirdinizmi?

– Heç gözləməzdik. Elə ona görə də biz hazırlıqsız yaxalandıq. Rəqib komandanın rəhbərliyi də bunu gözləmirdi. Aldığımız məlumata görə, həmin dörd nəfər saxlanılıb. Biz öz mədəniyyətimizi və sadəliyimizi göstərdik. Bir daha sübut etdik ki, Qarabağ Azərbaycanındır və “Qarabağ” da bu ölkənin komandasıdır.

– Yeri gəlmişkən, bilirdinizmi ki, dronu pultla idarə edən Spartak ötən ilin dekabrında Londonda “Arsenal”la sizin oyunda meydana çıxan azarkeş imiş?

– Yox, bilmirdim. Bu, böyük tərbiyəsizlikdir, böyük ayıbdır. Onsuz da onlar bunu həmişə edirlər. Tarixləri belə şeylərlə doludur. Amma bizim öz duruşumuz, öz mədəniyyətimiz var və biz buna sadiq qalmalıyıq.

– Son olaraq Lüksemburq klubu sizi yola salanda nə dedi?

– Üzrxahlıq etdilər. Bu, nazirlik, dövlət səviyyəsində oldu. Onları da qınamaq mümkün deyil. Biz necə gözləmirdiksə, onlar da bunu gözləmirdi. Amma tez bir zamanda bunu aradan qaldırdılar. 

Səbuhi Musayev