Leonid Kalaşnikov: Mən hər yerdə Azərbaycanı nümunə göstərirəm

12:27 09-10-2019 789

Azərbaycanın yerləşməsi, sənaye inkişafı, mənəvi və mədəni əlaqələri baxımından nə olduğunu nəzərə alaraq Rusiya ilə Azərbaycan arasında sıx əməkdaşlıq çox vacibdir. Ən önəmlisi isə budur ki, səmimi münasibətlər təkcə xalqlar deyil, həm də prezidentlər arasındadır.

Bunu Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov Media.Az-a müsahibəsində deyib.

Həmsöhbətimiz Prezident İlham Əliyevin Soçidəki “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxışı və Azərbaycanın dövlət başçısının Rusiya telekanallarına verdiyi müsahibəsini belə şərh edib:

“Bugünkü Azərbaycan Rusiya üçün çox vacib, dəyərli tərəfdaş və dostdur. Mən Prezident İlham Əliyevlə dəfələrlə görüşmüşəm. Hesab edirəm ki, indiki bir çox siyasətçilər ondan və atası Heydər Əliyevdən nümunə götürməlidir. Mən öz çıxışlarımda bu barədə tez-tez danışıram. Azərbaycanın ağır vəziyyətində Heydər Əliyevin necə ölkəyə rəhbərlik etməyə çağrıldığını və onun Azərbaycandakı vəziyyəti necə stabilləşdirdiyini xatırlayıram”.

Onun sözlərinə görə, SSRİ-nin mərhum rəhbərləri Heydər Əliyevə qarşı haqsız davranıb:

“Onun Sovet İttifaqına rəhbərlik etmək imkanı var idi. Və onda hər şey başqa cür olardı. İndi isə mən çiçəklənən Azərbaycan görürəm. Mən tez-tez ölkəyə gəlirəm. Növbəti günlərdə yeni bir səfər də planlaşdırıram və Prezident İlham Əliyevlə də görüşəcəyəm.

Azərbaycanı hər yerdə nümunə göstərməkdən utanmıram: baxın, təbii qaynaqlardan necə istifadə edilməlidir! Bakı dünyanın ən yaxşı şəhərlərindən birinə çevrilib. Dəniz kənarına bir baxın! Dünyanın heç bir ölkəsində belə bir şey yoxdur”.

“Əlbəttə ki, həmişə çətinliklər olur. Lakin həm təbii sərvətlərə, həm də insanlara qarşı ehtiyatlı münasibət müsbət nəticə verir. Bakı çiçəklənir, Azərbaycan çiçəklənir. Mən Qəbələdə xizək kurortunda olmuşam. Mən azərbaycanlıların Rusiyadakı davranışlarını, eyni zamanda, onlara münasibəti görürəm.

Onlar Rusiyada xaricilər yox, yerli xalq kimi qəbul edilir. Xülasə, demək istəyirəm ki, ölkəniz belə rəhbəri olduğuna görə şanslıdır. Və dövlətlərimiz arasındakı münasibətlər daha da inkişaf edəcək”, - deyə Leonid Kalaşnikov bildirib.