Vüqar Həşimovun qardaşı Avropa Şahmat Birliyində rəhbər vəzifəyə təyin olundu

01:40 30-03-2020 496

Məşhur qrossmeyster Vüqar Həşimovun qardaşı Sərxan Həşimov Avropa Şahmat Birliyinin Qlobal Strategiya direktoru təyin edilib.  

HerGun.Az xəbər verir ki, təşkilatın onlayn formatda keçirilən iclasında Avropa Şahmat Strategiyasının hazırlanması azərbaycanlı Sərxan Həşimova tapşırılıb.  

Bu barədə qərar Avropa Şahmat Birliyinin idarə heyəti tərəfindən qəbul edilib. Bununla Sərxan Həşimov Avropa Şahmat Birliyində rəhbər vəzifədə çalışacaq ilk azərbaycanlı olub.  

Avropa Şahmat Birliyindən verilən məlumata əsasən, Sərxan Həşimovun Qlobal Strategiya direktoru təyin edilməsində onun idarəetmə, strategiya inkişafı, sponsorluq üçün biznes təkliflərinin yaradılması sahəsindəki bacarıq və təcrübəsi, həmçinin dünya miqyasında aparıcı şirkətlərlə əlaqələri əhəmiyyətli rol oynayıb. Həmyerlimizin əsas öhdəliklərinə idman fəaliyyətlərini dəstəkləmək üçün beynəlxalq biznes mühitinin təhlili, əsas strateji prioritetlərin təbliği və hərtərəfli strateji plana çevrilməsi, sponsorluq, biznes və IT layihələrində qurumun strategiyasının tərtibi, həyata keçirilməsi, sponsorluq paketləri və B2B tərəfdaşlıqlarının yaradılması kimi məsələlər daxil olacaq.  

Qeyd edək ki, Sərxan Həşimov “Microsoft”, SAP, “Oracle”, HP kimi qabaqcıl şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.  

S.Həşimov regiondakı nailiyyətlərinə görə, 2018-ci ildə “Microsoft”un qızıl mükafatına layiq görülüb. O, həmçinin, iki il ərzində “Oracle” şirkətlərinin ən çox müvəffəqiyyət qazanan əməkdaşları sırasında olub, SAP şirkətində isə ən yaxşı işçi adını qazanıb.